Yunanıstan sahillərində miqrant qayığı batıb - ölənlər var

Yunanıstan sahillərində miqrant qayığı batıb - ölənlər var

Dünən Yunanıstanın Eğriboz adası açıqlarında pis hava şəraiti səbəbindən batan qayıqdakı immiqrantların axtarış-xilasetmə işləri davam edir. SİA xəbər verir ki, səlahiyyətlilər axtarış-xilasetmə işləri zamanı indiyədək 13-ü uşaq olmaqla 21 nəfərin cəsədinin tapıldığını açıqlayıb.

68 immiqrantın iştirak etdiyi qayıq qəzasından 12 nəfər sağ çıxsa da, can itkisinin artacağından qorxulur. Havanın qaralması səbəbindən sahil zolağında axtarış işlərinin gücləndirildiyi açıqlanıb. İzmirdən yola düşdüyü güman edilən qayıqda Əfqanıstan, İran və Misirdən olan qeyri-qanuni miqrantların olduğu bildirilib.

Xilas edilən 12 nəfərin ifadəsinə görə, miqrantların heç biri xilasedici jilet geyinməyib. Dalğalar qalxdıqdan sonra gəminin qısa müddətdə çevrilərək batdığını dilə gətirən mühacirlər, göyərtəsində çoxlu uşaq və qadınların olduğunu bildiriblər. Yunanıstan Suriya, İraq və Əfqanıstandan gələn immiqrant axını ilə mübarizə aparan ölkələr sırasındadır. Yunanıstan səlahiyyətliləri tərəfindən verilən açıqlamada, son illərdə Türkiyə üzərindən ölkəyə gələn immiqrantların sayında artım olduğu bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə