Estoniya ruslara silah saxlamağı qadağan edir

Estoniya ruslara silah saxlamağı qadağan edir

Estoniya silah haqqında qanuna Rusiya Federasiyası, Belarusiya və ölkədə yaşayan digər ölkələrin vətəndaşlarına silaha sahib olmağı qadağan edən düzəlişləri təsdiqləyib.

SİA xəbər verir ki, bu barədə Estoniya Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Silah haqqında qanuna edilən dəyişikliklərə əsasən, Rusiya Federasiyası və Belarus vətəndaşları 2023-cü ilin sonuna qədər silahlarını satmalı, təhvil verməli və ya yararsız vəziyyətə salmalı olacaqlar. Estoniya Respublikasında silah sahibi olmaq hüququ Estoniya vətəndaşları ilə yanaşı, Avropa İttifaqı və NATO ölkələrinin vətəndaşları üçün də olmalıdır. Qalan hər kəs silahlarından əl çəkməlidir”.

Daxili işlər naziri Lauri Lyaenemetsin sözlərinə görə, bu düzəlişlər təhlükəsizliyin və ictimai asayişin təmin edilməsi üçün əlavə həll yolu təqdim edir. “Bu gün biz risk edə bilmərik ki, hansısa düşmən xarici ölkənin vətəndaşı olan insanların burada silah icazəsi olsun. Ola bilər ki, onlar hansısa vəziyyətdə öz ölkələrinin maraqlarını qorumaq üçün əllərinə silah götürməli olduqlarını hiss etsinlər və biz bu qanunla bu cür riskləri aradan qaldırırıq”.

Eston səlahiyyətlisinin sözlərinə görə, qanun qüvvəyə mindikdən sonra burada yaşayan Aİ və NATO-dan kənar ölkələrin vətəndaşlarının silah icazələri bir il müddətinə qüvvədədir, bundan sonra silah sahibinə silahı təhvil vermək üçün daha bir il vaxt verilir.

Daxili İşlər Nazirliyinin rəhbəri bildirib ki, qanuna edilən dəyişikliklər ümumilikdə 3080-ə yaxın silahı olan 1300-dən çox şəxsə şamil olunacaq.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə