Danimarkanın baş naziri kraliçaya istefa verdiyini açıqlayıb

Danimarkanın baş naziri kraliçaya istefa verdiyini açıqlayıb

Danimarkanın baş naziri və Sosial Demokratlar Partiyasının lideri Mette Frederiksen noyabrın 1-də Folketinq (parlament) seçkilərinin nəticələri və istefası barədə Danimarka Kraliçası II Marqretəyə məlumat verib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə Frederiksen partiya liderlərinin debatında bildirib.

Parlament partiyalarının nümayəndələri indi yeni kabinetin formalaşdırılması ilə bağlı nəticə çıxaracaq danışıqlar raundunu keçirməlidirlər.

Qeyd edək ki, seçkilər nəticəsində Sosial Demokratlar parlamentdə ən böyük partiya oldu, Frederiksen həm də mandatların əksəriyyətini almış sol mərkəzçi (qırmızı) bloka rəhbərlik edir, ona görə də çox güman ki, kabinetin yaradılması ona həvalə olunacaq.

Həm seçkilərdən əvvəl, həm də dərhal sonra baş nazir geniş koalisiya hökuməti qurmağa çalışacağını bəyan edib. Amma analitiklər onun azlıq kabineti olacağını, sosial demokratların isə yenidən nazir yerlərini tutacağını istisna etmirlər.

Qeyd olunur ki, Qrenlandiyada səslərin hesablanmasından sonra hakim sol-mərkəzçi blok öz səs çoxluğunu - 179 mandatdan 90-nı alır. Müxalifətçi sağ mərkəzçi blok isə 73 mandata malikdir. Parlamentdə daha 16 yeri mərkəzçi Moderat Partiyası tutacaq.

Sosial Demokratlar ən böyük dəstəyi - 27,5 faiz səs toplayıb ki, bu da partiyanın son illərdəki ən yaxşı nəticəsidir. Ən böyük sağçı - Liberal Partiyası üçün seçicilər 13,3 faiz səs verib.

Ümumilikdə seçkilərdə iştirak 84,1 faiz təşkil edib ki, bu da son 30 ilin ən aşağı göstəricisidir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə