Rusiyada QİÇS virusu daşıyıcılarının sayı 2 milyonu keçəcək

Rusiyada QİÇS virusu daşıyıcılarının sayı 2 milyonu keçəcək

Bu gün Rusiyada bir milyon yarımdan artıq rusiyalı QİÇS virusu ilə yaşayır.

SİA-nın öz qaynaqlardan əldə etdiyi məlumata görə, bunu bu günlərdə Rusiya Elmlər Akademiyasının akademiki Vadim Pokrovski bəyan edib. Əslində, bundan əvvəl Rusiyada aparılan səfərbərlik zamanı ötəri də olsa həkim müayinəsindən keçirilən xeyli çağırışçıda da QİÇS virusunun əlamətləri müşahidə edilmişdi. Deyilənlərə görə, buna baxmayaraq, onlar geri qaytarılmadı və hazırda onlar döyüş bölgələrindədirlər. Amma komandanlığın dediyinə görə, guya onlar “ayrı saxlanılırlar”(?).

Və bu günlərdə 2030-cu ilə qədər ölkədəki QİÇS virusu daşıyıcılarının sayının 2 milyonu keçəcəyi barədə xəbərdarlıq alan ölkə rəsmiləri əməli fəaliyyətə keçiblər? Belə görünür ki, yox!

Məsələn, bununla bağlı akademik Vadim Pokrovskinin təqdim etdiyi məlumatları şərh edən Rusiya Səhiyyə Nazirliyi bütün bunları “təxmin edilən” adlandırıb və əlavə olaraq “cari epidemioloji vəziyyəti” əks etdirmədiyini deyib.

Qeyd edək ki, bir müddət bundan əvvəl Dövlət Dumasında dəyirmi masada çıxış edən Vadim Pokrovski 2017-2020-ci illər ərzində 80 min rusiyalının QİÇS -dən öldüyünü, 300 min nəfərin isə virusa yoluxduğunu açıqlamışdı. Alim Rusiyada QİÇS -ə yoluxma ilə bağlı vəziyyəti fəlakətli adlandıraraq Rusiya Federasiyasında əhalinin hər 100 min nəfərinə düşən xəstələnmənin Avropa İttifaqı ölkələrindən on dəfə çox olduğunu bildirmişdi.

Maraqlıdır ki, Pokrovskinin dediklərinə cavab olaraq Rusiya Səhiyyə Nazirliyi akademikin açıqladığı rəqəmlərin real vəziyyətə uyğun gəlmədiyini bəyan edərək Rusiyada QİÇS infeksiyası ilə bağlı vəziyyətin “sabit” olduğunu bəyan etmişdi. Ən maraqlısı isə budur ki, nazirlik Dövlət Dumasında dəyirmi masada oturanları da buna inandırmışdı.

Yeri gəlmişkən, Birləşmiş Millətlər Təşkilatının İİV/AİDS üzrə Birgə Proqramının iyul ayında açıqladığı məlumatlara əsasən, Şərqi Avropa və Mərkəzi Asiyada dünyada ən sürətlə artan HİV epidemiyası qeydə alınıb. Tədqiqatçıların fikrincə, 2021-ci ildə QİÇS -in qarşısının alınması və müalicəsi üzrə xidmətlərin regional əhatə dairəsi qeyri-kafi olaraq qalıb və bir çox böyük ikitərəfli donorlar son on ildə QİÇS proqramları üçün beynəlxalq yardımı azaldıblar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə