İran Rusiyaya yeni silah partiyası göndərməyə hazırlaşır?

İran Rusiyaya yeni silah partiyası göndərməyə hazırlaşır?

İran Rusiyaya minə yaxın silah göndərməyə hazırlaşır. Bu barədə CNN Qərb ölkələrindən birinin rəsmi nümayəndələrinə istinadən xəbər verir. Onların sözlərinə görə, Tehran Moskvaya qısa mənzilli “yer-yer” ballistik raketləri və əlavə hücum pilotsuz təyyarələri göndərəcək.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, İran silahlarının son partiyasına təxminən 450 pilotsuz uçan aparat daxildir. CNN-in məlumatına görə, Rusiya bundan Ukrayna infrastrukturunu kütləvi atəşə tutmaq üçün istifadə edir. Telekanal hücumlar zamanı mülki şəxslərin həlak olduğunu da xatırladır.

Məlumata görə, yeni silah partiyası ilin sonuna qədər Rusiyaya çatdırılacaq. Bunu da CNN yazır.

Bundan əlavə, Kiyev, Rusiyanın Ukraynanın şimal sərhədində İranın ballistik raketlərini yerləşdirməsi ehtimalı olduğunu da istisna etmir.

Onlara qarşı isə, Ukrayna Müdafiə Nazirliyinin hələ ki, effektiv müdafiə sistemi yoxdur. Bunu isə “Ukrayinska Pravda” yazır.

Nəşrin yazdığına görə, İran raketləri Rusiyanın tükənməkdə olan “İskəndər-M” raketlərini əvəzləyəcək.

Qeyd edək ki, Kiyev Moskvanı mülki hədəflərə hücum etmək üçün İran pilotsuz təyyarələrindən istifadə etməkdə ittiham edir. Ukrayna tərəfi hərbçilərin İran istehsalı olan 300-dən çox qurğunu vurmağa müvəffəq olduğunu bildirib. Amma Rusiya İran silahlarından istifadə ittihamlarını rədd edir.

Tehran isə hələ də münaqişə tərəflərini silahla təmin etmədiyini bəyan edir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə