Rusiya və İran yaxın vaxtlarda Avrasiya İqtisadi İttifaqı ilə azad ticarət zonası haqqında saziş imzalamaq barədə razılığa gəliblər.
SİA-nın əldə etdiyi məlumata görə, bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib.
Novakın sözlərinə görə, Rusiya və İran şirkətləri arasında artıq maşınqayırma, avtomobil və təyyarə istehsalı sahəsində birgə layihələr üzrə müqavilələr var.
“Artıq müştərək layihələr, Rusiya və İran şirkətləri arasında zəruri birgə müəssisələrin təşkili və müvafiq komponentlərin tədarükü ilə bağlı razılaşmalar var”-deyən Novakın sözlərinə görə, ölkələr arasında ticarət 2022-ci ilin səkkiz ayı ərzində 36,4 faiz artaraq 3,3 milyard dollara çatıb və artıq 4 milyard dollara yaxınlaşır.
Qeyd edək ki, Rusiya ilə İran arasında əməkdaşlıq Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra daha da intensivləşib.
Bu müharibədə Ukrayna və Qərb dövlətlərinin bəyan etdiyi kimi, Rusiya oktyabrın 10-11-də Ukrayna şəhərlərinə kütləvi hücumlar zamanı digərləri ilə yanaşı İran istehsalı olan “Şahed-136” kamikadze dronlarından istifadə edir.
Amma İran və Rusiya dronların tədarükü ilə bağlı məlumatları dəfələrlə təkzib ediblər. Oktyabrın 20-də Avropa İttifaqı və və Böyük Britaniya kamikadze pilotsuz uçan aparat istehsalçısı “Shahed Aviation Industries” və üç İran hərbi rəsmisinə qarşı sanksiyalar tətbiq ediblər.
“Vaşinqton Post”un yazdığına görə, İran da gizli şəkildə “Fateh-110” və “Zülfağa” qısa mənzilli “yer-yer” ballistik raketlərinin Rusiyaya ötürülməsinə razılıq verib.
Bu arada, “Foreign Policy”, Rusiyanın ötən il Taliban hakimiyyəti ələ keçirdikdən sonra ölkədə qalan Əfqanıstan Milli Ordusunun elit komando korpusu üzvlərini Ukraynaya qarşı döyüşmək üçün cəlb etdiyini iddia edib.
Maraqlıdır ki, Amerika nəşri bu məsələnin icraçısı kimi, İranı görür. Nəşrin yazdığına görə, yeni çağırışçılar Əfqanıstandan İrana, oradan isə Rusiyaya aparılırlar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB