Faktlar rusların əleyhinədir, amma...

Faktlar rusların əleyhinədir, amma...

Birgə Koordinasiya Mərkəzinin İstanbuldakı nümayəndəsi İsmini Palla, Sevastopolda Rusiya gəmilərinə hücum edən pilotsuz döyüş təyyarələrinin işə salınması zamanı humanitar dəhlizdə heç bir mülki gəminin olmadığını bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “RİA Novosti” xəbər verir.

Bu sözlərlə o, Rusiya Müdafiə Nazirliyinin gəmilərə hücum edən pilotsuz təyyarənin “yaşıl dəhliz”dən buraxıla biləcəyi ilə bağlı ehtimalını təkzib edib.

Palla aydınlaşdırıb ki, Birgə Koordinasiya Mərkəzinin məlumatına görə, oktyabrın 28-i cümə günü saat 22:00-dan 29 oktyabr şənbə günü saat 05:00-a qədər taxıl daşıyan gəmilər akvatoriyada hərəkət etməyib.

Qeyd edək ki, Sevastopolda gəmilərə hücum Rusiya tərəfinin taxıl müqaviləsində iştirakını qeyri-müəyyən müddətə dayandırmaq üçün bəhanə olub.

Bu arada Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Qara dəniz donanmasının gəmilərinə hücumun bütün halları aydınlaşdırılmayana qədər sövdələşmə üzrə dialoqun bərpası mümkün deyil.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə