Moldovanı da "qarışdıran" ruslarmış..?

Moldovanı da "qarışdıran" ruslarmış..?

Rusiya Moldovada etiraz aksiyalarının təşkilində iştirak edib və ölkə hökumətini devirməyə cəhd edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “The Washington Post” kəşfiyyat məlumatları və məlumatlı şəxslərlə müsahibələr nəticəsində əldə edilən sənədlərə istinadən yazıb.

İddialara görə, yüksək səviyyəli rusiyalı siyasətçi etirazların təşkilatçısı və müxalifətdəki “Şor” partiyasının lideri İlan Şoru “ləyaqətli uzunmüddətli tərəfdaş” adlandırıb və hətta “Şor” partiyasının rəhbərlik etdiyi Moldova regionuna Rusiyadan gəlirli qaz müqaviləsi təklif edib.

Başqa iddialara görə, Şor Kremlin keçmiş sovet respublikasında hakimiyyəti dəyişmək planlarında əsas fiqurdur.

Bundan əlavə, ələ keçirilən mesajlar Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Şorun partiyasına məsləhət vermək üçün rusiyalı siyasi texnoloqlardan ibarət komanda göndərdiyini göstərir.

Həmçinin sənədlərə görə, Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti rusiyalı oliqarxın Moldova hakimiyyətindən gizlətmək üçün Şorun əsas aktivlərindən birini əldə etməsi ilə bağlı sövdələşməyə nəzarət edib. Maraqlıdır ki, həmən siyasətçi özü nə vaxtsa Moskvadan və xüsusi xidmət orqanlarından dəstək aldığını inkar edib.

“The Washington Post” iddia edir ki, 2016-cı ildən Moldovada Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti əməliyyatlarına xidmətin Əməliyyat İnformasiya Departamentinin rəis müavini olan general Dmitri Milyutin rəhbərlik edir.

Rəsmilərin dediyinə görə, Milyutin işlədiyi müddətdə iş adamı İqor Çayka vasitəsilə çalışıb. “The Washington Post” bildirir ki, Kreml Moldova siyasi partiyalarına əməkdaşlıq etmək üçün Çaykanın şirkətlərini cəbhə kimi istifadə edib.

Eyni zamanda, Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin əsas alətinin İqor Dodonun rəhbərlik etdiyi Sosialist Partiyası olduğu, lakin Sosialist Partiyasının uduzduğu və Dodonun onun yerinə başqan axtarmalı olduğu bildirilir. Kremlin işə götürdüyü siyasi texnoloqların Şorun partiyası ilə gizli əməkdaşlıq etmək üçün 2021-ci ilin martında Kişinyova gəldiyi dəqiqləşdirilir.

Xatırladaq ki, oktyabrın 26-da ABŞ Maliyyə Nazirliyi Rusiya vətəndaşlarına və Rusiya Federasiyasından olan şirkətlərə qarşı yeni sanksiyalar elan edib.

Müğənni Jasmin və onun əri İlan Şora, eləcə də onun “Şor” partiyasına qarşı da məhdudiyyətlər tətbiq edilib. Bundan başqa, siyahıya iş adamı İqor Çayka da var.

Yeri gəlmişkən, onu da xatırladaq ki, Kişinyovda etirazlar sentyabrın 18-də başlamışdı.

Daha sonra bir neçə min etirazçı Moldova prezidentinin administrasiyası binası qarşısında etiraz aksiyasına toplaşıb. Oktyabrın 16-da paytaxtda etirazçılarla polis arasında toqquşmalar başlayıb. Müxalifət partiyasının lideri İlan Şor isə prezident Maia Sandunu diktaturada və Konstitusiyanı pozmaqda ittiham edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə