İranda Məhsa Əminin ölümünün 40-cı günü...

İranda Məhsa Əminin ölümünün 40-cı günü...

İranda saxlanıldıqdan sonra dünyasını dəyişən Məhsa Əminin ölümünün 40-cı günündə paytaxt Tehranda geniş təhlükəsizlik tədbirləri altında etiraz aksiyaları keçirilib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Paytaxt Tehranın ən işlək küçələrindən biri olan Vəliəsrdə toplaşan yüzlərlə insan hökumət əleyhinə şüarlar səsləndirərək Cihad meydanından Beheşti küçəsinə doğru yürüş edib.

Yürüş zamanı polis fasilələrlə nümayişçilərə qarşı gözyaşardıcı qazla müdaxilə edib.

Motosikletli polislərin davamlı müdaxilə etdiyi nümayişçilər ara küçələrə dağılaraq yenidən küçələrdə bir araya gəliblər.

Nümayişçilər ilə təhlükəsizlik qüvvələri arasında çaxnaşma yaranıb.

Digər tərəfdən, İslami Təşkilatlar Tələbələr Birliyi "Telegram" səhifəsində etdiyi paylaşımda silahlı birləşmələrin Tehran Universitetinin Bədən Tərbiyəsi Fakültəsinə daxil olaraq rezin güllələrdən istifadə edərək tələbələrə birbaşa atəş açdığını iddia edib.

Birlik nümayişi təşkil edən “Əllamə Təbatəbai" Universitetinin tələbələrinin prorektor tərəfindən intizam komitəsi tərəfindən təhdid edildiyini bildirib.

İranda Məhsa Əminin ölümünün 40-cı günündə sosial mediada geniş iştirakla nümayişlərə çağırışlar edilib.

M,Əminin doğulduğu Saqqız başda olmaqla bir çox şəhərlərdə etiraz aksiyaları keçirilib.

Xatırladaq ki, sentyabrın 13-də Tehranda "əxlaq polisi" kimi tanınan İrşad patrulları tərəfindən saxlanıldıqdan sonra xəstəxanaya aparılan 22 yaşlı Məhsa Əmininin sentyabrın 16-da vəfat etməsi ölkədə hiddətə səbəb oldu. Sentyabrın 17-də Əmini doğulduğu Saqqızda dəfn etdikdən sonra nümayişlər ölkənin bir çox şəhərlərinə yayıldı.

Bildirilir ki, bəzi iranlı qadınlar məcburi baş örtüyünə etiraz üçün müxtəlif şəhərlərin küçə və prospektlərində ayaqyalın gəzirlər.

Nümayişlərdə can itkisi ilə bağlı rəsmi orqanlardan dəqiq məlumat paylaşılmasa da, Norveçdə yerləşən "İran İnsan Haqları Təşkilatı" 200-dən çox insanın öldüyünü iddia edib.

Bütün xəbərlər Facebook səhifəmizdə