Rusların "çirkli bomba" xofu...

Ukrayna Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin ekspertlərini rusların "çirkli bomba" adlandırılan, tərkibində radioaktiv maddə olan partlayıcı qurğunun hazırlana biləcəyi obyektlərə baş çəkmək üçün dəvət edib.

Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın sözlərinə görə, o, bu mövzunu MAQATE rəhbəri Rafael Qrossi ilə müzakirə edib və onun razılığını alıb.

“...Rusiyadan fərqli olaraq, Ukrayna şəffaf olub və olaraq qalır. Gizlədəcək heç nəyimiz yoxdur”.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Kuleba “Twitter”də yazıb.

O, bir daha Rusiyanın Ukraynada guya "çirkli bomba" hazırlanması ilə bağlı iddialarını yalan adlandırıb.

Qeyd edək ki, bir gün əvvəl Rusiyanın müdafiə naziri Sergey Şoyqu NATO-nun dörd ölkəsinin müdafiə nazirliklərinin rəhbərləri ilə telefon danışığında Ukraynanın guya “...Rusiyanı başında "çirkli bomba" partlatmağa hazırlaşdığını bildirib.

Deyim ki, Şoyqunun əl-ayağa düşməsi də “əsassız” deyildi. Belə ki, ondan bir gün əvvəl Rusiyanın etibarlı dövlət agentliyi olan “RİA Novosti” “öz etibarlı mənbələrinə" istinadən Ukraynanın çirkli bomba hazırladığı barədə məlumat yaymışdı. Agentlik həmçinin, bu bombanın hazırlanması vəzifəsini guya Dnepropetrovsk vilayətinin Jovti Vodı şəhərindəki Şərq Mədən və Emalı Zavoduna, eləcə də Kiyevdəki Nüvə Tədqiqatları İnstitutuna həvalə olunduğunu bildirmişdi.

Gərək ki, yadınızda olar, rusların fevral və mart aylarında Çernobıl AES-i nəzarətə götürmələri...

İndi ruslar iddia edirlər ki, guya onlar Ukraynanın “çirkli bomba” istehsalından ehtiyatlandıqları üçün bu addımı atıblarmış. Daha bu qədər də yox də....

Bu arada Ukraynanın ardınca ABŞ, Böyük Britaniya və Fransa Ukraynanın çirkli bombası olması ilə bağlı iddiaları rədd edərək, Rusiyanın gərginliyi artırmaq üçün bəhanə axtardığını bildiriblər.

Amma kimə deyəsən?

Budur, Rusiya prezidentinin sözçüsü Dmitri Peskov hələ də sübutu-filanı olmadan “çirkli bomba təhlükəsi “açıq-aşkardır” və Qərb ölkələrinin bu təhlükəyə inanmaması onun mövcudluğunu dayandırması demək deyil” deyə dünyaya car çəkir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə