Peskov Qərbin Rusiyanı “soyduğunu" deyir...

Peskov Qərbin Rusiyanı “soyduğunu" deyir...

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov, Qərbin Rusiyanın aktivlərinin əksəriyyətini dondurmaqla oğurladığını bildirib.

SİA RBC-nin məlumatına istinadən xəbər verir ki, Peskovun sözlərinə görə, bu cür hərəkətlər guya “dünyada mövcud olan iqtisadi münasibətlər sisteminin əsaslarının əsaslarını məhv edir”.

...Ümumiyyətlə, indi bir çox aktivlər, o cümlədən bizim qızıl-valyuta ehtiyatlarımız da daxil olmaqla hər şey kollektiv Qərb dediyimiz ölkələr tərəfindən, sadəcə olaraq, oğurlanır. Bunlar tamamilə qeyri-qanuni hərəkətlərdir, beynəlxalq hüquqa ziddir, bu, mülkiyyətə - indiki halda dövlət mülkiyyətinə - və xüsusi mülkiyyətə qəsddən başqa bir şey deyil.

Qeyd edək ki, bunları deyən Peskov, Ukraynanın bərpası üçün dondurulmuş aktivlərin Rusiyaya verilməsi qərarının beynəlxalq hüququn qayda və normalarını pozmaqda növbəti addım olacağını deyib.

Və hətta “biz bununla mübarizə yollarını axtaracağıq” deyə bir “xox” da gəlib.

Maraqlıdır ki, Peskov, bu istiqamətdə manevr imkanlarının çox məhdud olduğunu da etiraf edib. Bununla yanaşı o, Qərbi rusiyalı sahibkarların bu cür qərarlara etiraz etməsinə mane olmaqda ittiham edib.

Xatırladaq ki, bundan əvvəl Avropa ölkələrinin rəhbərliyi Avropa Komissiyasına Rusiyanın dondurulmuş aktivləri hesabına Ukraynanın bərpasının maliyyələşdirilməsinə dair təkliflər hazırlamağı tapşırmışdı.

“Avropa Şurası Avropa Komissiyasını dondurulmuş vəsaitlərin Avropa İttifaqı və beynəlxalq hüquqa uyğun olaraq Ukraynanın bərpasını dəstəkləmək üçün istifadəyə dair təkliflər təqdim etməyə çağırıb”.

Qeyd edək ki, bu Avropa Şurasının 20-21 oktyabr iclaslarından sonra dərc olunan sənəddə deyilir.

Avropa Şurasının rəhbəri Çarlz Mişelin sözlərinə görə, Avropa İttifaqı oktyabrın 25-də Berlində keçiriləcək beynəlxalq konfransda Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya kömək etmək üçün istifadə etməyi nəzərdən keçirə bilər.

Yeri gəlmişkən xatırladaq ki, Qərb ölkələri Rusiya Mərkəzi Bankının və bəzi iş adamlarının aktivlərini fevralın sonunda, Ukraynada xüsusi əməliyyat başlayandan sonra dondurmağa başlayıb.

Qeyd edək ki, avqustun sonunda Ukrayna prezidenti Vladimir Zelenski ölkədə hərbi əməliyyatlar nəticəsində dağılmış infrastrukturun bərpasını 600-800 milyard dollar dəyərində qiymətləndirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə