Gürcüstan prezidenti Salome Zurabişvili ölkəsinin Rusiya vətəndaşları üçün “liberal” viza rejiminə yenidən baxa biləcəyini deyib.
Bu elan Ukraynaya qarşı müharibəyə getmək üçün Kremlin elan etdiyi səfərbərlikdən qaçan rusların görünməmiş axını fonunda verilib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, oktyabrın 17-də Moldovalı həmkarı Maia Sandu ilə danışıqlardan sonra Kişinyovda keçirdiyi mətbuat konfransında Zurabişvili son həftələrdə Rusiya vətəndaşlarının Gürcüstana axınını mürəkkəb məsələ adlandırıb. O, Gürcüstanın hazırda liberal olan viza rejiminə yenidən baxmalı olacağını istisna etmir.
Maraqlıdır ki, Zurabişvili Gürcüstana daxil olmağa qərar verən Rusiya vətəndaşları üçün vizanın tətbiq edilib-edilməyəcəyini dəqiqləşdirməyib.
Hazırda ruslara Gürcüstana daxil olmaq üçün vizaya ehtiyac yoxdur, onlar ölkədə 365 günə qədər qala bilərlər. Başqa ölkəyə gedəndə və geri qayıdanda qalma müddəti avtomatik olaraq daha 365 gün uzadılır.
Gürcüstan hökumətinin nümayəndələri dəfələrlə bəyan ediblər ki, hakimiyyət Rusiya vətəndaşları üçün viza tətbiq etməyi planlaşdırmır.
Qeyd edək ki, Zurabişvili ilə danışıqlardan sonra Sandu Twitter-də iki postsovet respublikasının daha sıx əməkdaşlığa, o cümlədən Avropa İttifaqına inteqrasiya yolunda razılığa gəlidiklərini yazıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB