Çin Avropaya mayeləşdirilmiş qaz tədarükünü dayandırıb

Çin Avropaya mayeləşdirilmiş qaz tədarükünü dayandırıb

Çin Avropa və Asiyaya mayeləşdirilmiş təbii qaz tədarükünü dayandırıb. SİA “Bloomberg”a istinadən xəbər verir ki, bu qərar Çinin qış üçün öz istehlakçılarını qazla təmin etməsi zərurəti ilə bağlıdır.

Qeyd edək ki, Avropa İttifaqının Rusiya enerji daşıyıcılarından istifadəni minimuma endirmək qərarı ilə yaranan enerji böhranı fonunda Çin mühüm qaz təchizatçısı olub və bütün Avropa qaz idxalının təxminən 7 faizini təşkil edib.

Verilən məlumata görə, Çinin Milli İnkişaf və İslahat Komitəsi “PetroChina”, “Sinopec” və “CNOOC” kimi dövlət enerji şirkətlərinə mayeləşdirilmiş təbii qaz ixracını dayandırmağı xahiş edib.

Xatırladaq ki, bundan əvvəl, koronavirus epidemiyası ilə mübarizə üçün sərt tədbirlər nəticəsində sənayedə yaranan tənəzzül səbəbindən Çinin təbii qaza tələbatı azalmışdı və dövlət buraxılan artıqlığı ixrac üçün satmağa başladı.

...Və bu qazın böyük hissəsini Çin Rusiyadan alıb. Rusiya qazının Çin tərəfindən yenidən satılması həm də Avropa Birliyinin Rusiyadan birbaşa tədarükü ilə bağlı iqtisadi sanksiyalarından yan keçməyə imkan verdi.

Bu arada Rusiyanın “Kommersant” qəzeti geosiyasi fərqlərə baxmayaraq, Rusiyadan Avropaya mayeləşdirilmiş təbii qaz ixracının artdığını göstərən məlumatlara istinad edir. Belə ki, Avropa Komissiyasının sözçüsü Tim Makfi, 2022-ci ilin ilk doqquz ayında Avropa İttifaqının Rusiya LNG idxalını 50 faiz artıraraq 15 milyard kubmetrə çatdırdığını bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə