Pakistanda keçirilən növbədənkənar seçkilərə sabiq baş nazir liderlik edir

Pakistanda keçirilən növbədənkənar seçkilərə sabiq baş nazir liderlik edir

Pakistanda keçirilən növbədənkənar seçkiləri sabiq baş nazir İmran Xan qabaqlayıb. SİA xəbər verir ki, ölkə mətbuatında yer alan xəbərlərə görə, Milli Assambleyada 8, Pəncab Assambleyasında isə 3 yer üçün əlavə seçkilər keçirilib.

Qeyri-rəsmi nəticələrə görə, Xanın rəhbərlik etdiyi PTI Milli Assambleyada 8 yerdən 5-ni, Pəncabda isə 3 yerdən 2-ni qazanıb. Federal hökumətdəki koalisiya ortağı Pakistan Xalq Partiyası Milli Assambleyaya aralıq seçkilərdə 2 yer, baş nazir Şahbaz Şərifin rəhbərlik etdiyi Pakistan Müsəlman Liqası-Nəvaz partiyası isə 1 mandat qazanıb.

PTI-nin baş katibi Əsəd Ömər paytaxt İslamabadda verdiyi açıqlamada millətin iradəsinin aydın olduğunu vurğulayaraq, erkən seçkilərə işarə edib.

Qeyd edək ki, Xan iyulda Pəncabda keçirilən əlavə seçkilərdə də qalib gəlib. Aprelin 10-da Pakistan parlamentində keçirilən etimad səsverməsində İmran Xanın hökuməti 174 “yox” səsi ilə geriləyib. Aprelin 11-də parlamentdə keçirilən seçkidə ölkədə üç müddət baş nazir olmuş Nəvaz Şərifin qardaşı Şahbaz Şərif 174 səslə mütləq əksəriyyətin dəstəyi ilə baş nazir seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə