"Drujba" neft kəmərində baş verən sızma ilə bağlı Polşadan açıqlama

"Drujba" neft kəmərində baş verən sızma ilə bağlı Polşadan açıqlama

Polşa Rusiyadan Avropaya xam neft daşıyan "Drujba" neft kəmərində sızmanın nəzarət altına alındığını və xəttdən neft axınının tam gücü ilə təmin olunmağa başladığını bildirib. SİA xəbər verir ki, Polşanın boru kəməri operatoru PERN tərəfindən verilən açıqlamada, Rusiya neftini Avropaya daşıyan "Drujba" boru kəmərinin Polşa hissəsində yaranan nasazlığın texniki qruplar tərəfindən aradan qaldırıldığı və xəttin tam funksionallığını bərpa etdiyi açıqlanıb.

Ötən çərşənbə axşamı Polşanın mərkəzində yerləşən Ploç şəhərinin 70 kilometrliyində neft kəmərində sızma aşkar edilib və nefti Almaniyaya aparan xətt üzrə neft axını kəsilib. Yanğınsöndürənlər bölgədəki tarlalara sızan nefti təmizləməyə çalışarkən, PERN rəsmiləri sızmanın baş verdiyi ərazidə zərərin aradan qaldırılması üçün işlərə başlayıb. Xətdəki nasazlığın aradan qaldırıldığını və neft axınının bərpa olunduğunu qeyd edən PERN, sızmanın səbəbini müəyyən etmək üçün araşdırmaların hələ də davam etdiyini qeyd edib.

Qeyd edək ki, dünyanın ən böyük neft kəmərlərindən biri olan "Drujba" neft kəməri Rusiya neftini Belarus və Ukrayna üzərindən Mərkəzi Avropaya aparır. 1960-cı ildə inşasına başlanılan xəttin birinci hissəsində neft Belarus və Polşa üzərindən Almaniyaya, ikinci hissəsində isə Ukrayna, Slovakiya vasitəsilə Çexiya və Macarıstana nəql edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə