Qazaxlar Putinin Astanaya səfərinə etiraz edirlər...

Qazaxlar Putinin Astanaya səfərinə etiraz edirlər...

Almatıda polis Rusiya prezidenti Vladimir Putinin Astana səfərinə etiraz olaraq Rusiya konsulluğu qarşısında aksiyaya çıxan 4 fəalı saxlayıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, saxlanılan şəxslər naməlum istiqamətə aparılıb.

Aksiya iştirakçıları Rusiya konsulluğunun binasına yaxınlaşıb tələblərini irəli sürməyə imkan tapmayıblar. Polislər onları tutub maşına “basıblar”.

Etirazçıların əllərində rəngləri Ukrayna bayrağının rənglərinə bənzəyən plakat və sarı və mavi dəfn çələngi olub.

Qeyd edək ki, bundan əvvəl Rusiya prezidenti Vladimir Putinin Astanaya səfərinin oktyabrın 12-14-nə planlaşdırıldığı bildirilirdi.

Məhz bu arada sosial şəbəkələrdə Putinin Astana səfərinə etirazlar intensivləşir. Hüquq müdafiəçiləri, politoloqlar, sadə vətəndaşlar onun Ukraynada açdığı müharibəni pisləyir və səfərin ləğvini tələb edirlər.

Rəsmilər isə Putinin səfərinin çox vacib olduğunu təkid edirlər.

Yeri gəlmişkən bildirək ki, bu qazaxların ruslar əleyhinə keşirmək istədikləri ilk aksiya deyil. Hələ o vaxt, fevral ayında, Ukraynada müharibənin başlamasından bir neçə gün sonra “Oyan, Qazaxıstan” vətəndaş hərəkatının fəalları Rusiyanın Almatıdakı Baş Konsulluğuna toplaşaraq, Kremlin Ukrayna ərazisindəki hərəkətlərinə etiraz etmişdilər.

Sonradan aprel, iyun aylarında da qazaxlar rusların təcavüzünə qarşı etiraz aksiyaları keçirməyə cəhd etmişdilər.

Xatırladaq ki, Ukraynaya dəstək üçün indiyədək yeganə qanuni mitinq martın 6-da Almatıda keçirilib. Qeyd edək ki, həmən mitinq minlərlə iştirakçını bir araya toplayıb. Orada “Putin, Haaqa, həbsxana!” və “Tokayev, susma!” şüarları səsləndirilib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə