BMT, NATO, Avropa İttifaqı və bir sıra Avropa dövlətləri oktyabrın 10-da Kiyevə və Ukraynanın digər şəhərlərinə raket hücumlarını pisləyib. Almaniyanın müdafiə naziri Kristina Lambrext Kiyevə dörd müasir orta mənzilli hava hücumundan müdafiə sistemlərindən birincisinin “IRIS-T”-nin tez bir zamanda göndəriləcəyini vəd edib. Fransa Ukraynaya hərbi dəstəyi genişləndirməyə hazır olduğunu bildirib, Hindistan isə hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb.
SİA bu barədə rusdilli mənbələrə istinad edir.
Oktyabrın 10-da Kiyevdə və Ukraynanın digər vilayətlərində, o cümlədən Dnepropetrovsk, Odessa, İvano-Frankivsk və Xarkov vilayətlərində silsilə partlayışlar baş verib. Ölkə prezidenti Vladimir Zelenski ölkə boyu hava hücumu elan edib və zərbələrin hədəfi kimi enerji infrastrukturu obyektlərini göstərib.
Ukrayna Milli Polisin məlumatına görə, partlayışlar nəticəsində 11 nəfər ölüb, 87 nəfər yaralanıb. Bir neçə rayonda, məsələn, Poltava və Lvovda elektrik və su təchizatında fasilələr var. Kiyevdə mühüm infrastruktur obyektlərinə ziyan dəyib. Rusiya prezidenti Vladimir Putin deyib ki, bu gün səhər Müdafiə Nazirliyinin təklifi və Rusiya Baş Qərargahının planına əsasən, uzaqmənzilli dəqiqlikli silahlar, hava, dəniz və qurudan irimiqyaslı zərbə endirilib. Rusiya Federasiyasının Müdafiə Nazirliyi Rusiya silahlı qüvvələrinin zərbəsinin məqsədinə nail olunduğunu bildirib. Bir sıra Qərb siyasətçiləri isə Rusiyanın hərəkətlərini pisləyib.
BMT Rusiyanın Ukrayna şəhərlərinə raket zərbələri endirməsini şərh edərək, onları “müharibənin qəbuledilməz eskalasiyası” adlandırıb. “Baş katib bu gün Rusiya Federasiyası silahlı qüvvələrinin Ukrayna şəhərlərinə irimiqyaslı raket zərbələri endirməsindən dərin sarsıntı keçirib. Baş katibin sözçüsü Stefan Dujarrik. Onun sözlərinə görə, mülki şəxslər həmişə olduğu kimi, ən yüksək qiyməti ödəyirlər.
...Bu arada NATO-nun baş katibi Yens Stoltenberq Ukraynanın xarici işlər naziri Dmitri Kulebaya zəng edərək Kiyevə dəstəyi davam etdirəcəyinə söz verib.
“Rusiyanın Ukraynadakı mülki infrastruktura dəhşətli və ayrıseçkilik etmədən hücumlarını pisləyirik. NATO Kremlin təcavüzünə qarşı mübarizədə cəsarətli Ukrayna xalqına nə qədər vaxt lazımdırsa, dəstəkləməyə davam edəcək”. …“Washington Post” qəzeti NATO-nun müdafiə nazirliklərinin nümayəndələrinin tezliklə Brüsseldə toplanacağını yazıb. Müdafiə nazirliklərinin nümayəndələri Ukraynaya bir sıra raket hücumları fonunda Rammstein formatı çərçivəsində təcili görüşə gələcəklər.
Avropa diplomatiyasının rəhbəri Josep Borrell də Kiyevə və Ukraynanın digər şəhərlərinə hücumları pisləyib və Kiyevə əlavə hərbi dəstək vəd edib. “Rusiyanın Kiyevdə və Ukraynanın digər şəhərlərində mülki insanlara qarşı hücumları məni çox sarsıtdı. XXI əsrdə belə hərəkətlərə yer yoxdur. Mən onları ən sərt şəkildə qınayıram. Biz Ukraynanı dəstəkləyirik. Avropa İttifaqının əlavə hərbi dəstəyi yoldadır”, - o, tvitində yazıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB