Liviyanın qərbində yerləşən Zaviyə şəhərində müvəqqəti hökumətin başçısı Əbdülhəmid Dbeybə və parlamentin təyin etdiyi Baş nazir Fəthi Başağaya sadiq silahlı qruplaşmalar arasında ağır artilleriyadan istifadə etməklə davam edən döyüşlərdə azı 5 mülki şəxsin, o cümlədən 10 yaşlı qız uşağının həlak olduğu bildirilir.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, paytaxt Tripolidən 40 kilometr aralıda yerləşən bu şəhərdə gedən ağır döyüşlərdə 20-dən çox insan yaralanıb. BMT-nin Liviya üzrə Missiyasının bəyanatında mülki əhalinin yaşadığı şəhər mərkəzində ağır artilleriyadan istifadə etməklə dinc sakinlərin qətlə yetirilməsi pislənilib.
Liviyada iki hökumət arasında davam edən gərginlik fonunda döyüşlər lokal xarakter daşısa da, BMT-nin Liviya üzrə Missiyası bu silahlı qarşıdurmaların yeni vətəndaş müharibəsinə çevriləcəyindən narahatdır. Tripoli hökuməti 2021-ci ilin dekabrında keçirilməli olan ümumi seçkiləri də təşkil edə bilməyib, eyni zamanda, müxtəlif tərəfləri dəstəkləyən əcnəbi muzdlu əsgərlərin neftlə zəngin ölkədə qalması gərginliyi daha da artırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB