“Mən adaya yeni silahların çatdırılmasını istisna etmirəm”

“Mən adaya yeni silahların çatdırılmasını istisna etmirəm”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Kipr Respublikasına tətbiq etdiyi silah embarqosunun ləğvinə cavab olaraq Şimali Kiprə hücum pilotsuz təyyarələrini yerləşdirdiyini bildirib

SİA-nın əldə etdiyi məlumata görə, Türkiyə prezidentinin bu sözlərini TASS sitat gətirir.

“...Biz Şimali Kipr Türk Cümhuriyyətində PUA-ları, o cümlədən hücum pilotsuz təyyarələrini yerləşdirmişik. Mən adaya yeni silahların çatdırılmasını istisna etmirəm. Bu bizim haqqımızdır. Biz Kiprin şimalındakı ərazini bütün istiqamətlərdən tam təmin etməliyik”, - deyə Ərdoğan Avropa Siyasi Birliyinin sammitinin keçirildiyi Praqadan qayıdarkən keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu qərar ABŞ-ın Kipr Respublikasına tətbiq etdiyi silah embarqosunun ləğvi fonunda verilib. Ərdoğan qeyd edib ki, ŞKTC-də hərbi baza yaratmaq planlarının olmamasına baxmayaraq, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr lazım gələrsə, istənilən vaxt ölkədən uça və onu qorumaq üçün adaya ən qısa zamanda çata bilər.

Xatırladaq ki, Kipr 1974-cü ildən yunan və türk icmaları arasında bölünüb. Döyüş əməliyyatları nəticəsində Türkiyə adanın ərazisinin 37 faizini nəzarətə götürüb. 1983-cü ildə orada Şimali Kipr Türk Cümhuriyyəti elan edilib ki, bu Cümhuriyyəti hələ ki, Ankara tanıyıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə