Avrozonada istehsalçı qiymətləri indeksi rekord səviyyədə artıb

Yüksək enerji qiymətləri fonunda Avrozonada istehsalçı qiymətləri indeksi avqustda iyul ayı ilə müqayisədə 5 faiz, keçən ilin müvafiq ayına nisbətən 43,3 faiz artıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Avropa Statistika Bürosu (“Eurostat”) məlumat yayıb. Bildirilib ki, bu, Avrozonada istehsalçı qiymətləri indeksinə dair illik məlumatların qeydiyyatının aparıldığından bəri ən yüksək göstəricidir.

Hesabat dövründə Avrozonada istehsalçı qiymətləri enerji sektorunda illik müqayisədə 116,8 faiz, aralıq məhsullarda 19,9 faiz artıb.

Avqustda Avropa İttifaqında isə istehsalçı qiymətləri indeksində əvvəlki aya görə 4,9 faiz, ötən ilin eyni ayı ilə müqayisədə 43 faiz artım qeydə alınıb.

Qeyd edək ki, İtaliyada istehsalçı qiymətləri indeksi avqust ayında 50,5 faiz artıb.

Bütün xəbərlər Facebook səhifəmizdə