Çexiya vətəndaşlarını Rusiyanı tərk etməyə çağırıb

Çexiya vətəndaşlarını Rusiyanı tərk etməyə çağırıb

Çexiya Xarici İşlər Nazirliyi “Rusiyanın Ukraynaya davam edən işğalı və ölkədə təhlükəsizliyin, xüsusən də Avropa İttifaqı və NATO ölkələrinin vətəndaşları üçün mümkün təhlükə ilə əlaqədar” ölkə vətəndaşlarını Rusiya Federasiyasını tərk etməyə çağırıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, departament tərəfindən hazırda Rusiya Federasiyasının ərazisində olan və oranı tərk etməyə hazırlaşmayan Çexiya vətəndaşlarına həddən artıq ehtiyatlı olmaq, yoxlanılmış KİV-ə əməl etmək və təcili çıxış planı hazırlamaq tövsiyə olunub.

Xarici İşlər Nazirliyi həmçinin Rusiya Federasiyasında ikili vətəndaşlığı olan Çexiya vətəndaşlarına Rusiya ordusuna səfərbər olma riski barədə xəbərdarlıq edib, çünki onlar “Rusiya hakimiyyəti tərəfindən ilk növbədə Rusiya Federasiyasının vətəndaşları kimi qəbul edilir”.

Səfərbərlik halında, departamentdə qeyd edildiyi kimi, Çexiyanın Moskvadakı səfirliyi onları adekvat, tam konsul müdafiəsi ilə təmin edə bilməyəcək.

Xarici İşlər Nazirliyi, həmçinin Rusiyadakı Çexiya vətəndaşlarına mitinqlərdə iştirak etməmək barədə xəbərdarlıq edib və onlara ölkəni tərk etmək üçün bilet ala biləcək nağd pula sahib olmağı tövsiyə edib. “Rusiya Federasiyasından, məsələn, Ermənistan, Azərbaycan, Misir, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri, Serbiya, Türkiyə və digər qeyri-Avropa ölkələrinə bilet almaq hələ də mümkündür”, - nazirlikdən bildiriblər.

Sentyabrın 28-də ABŞ-ın Moskvadakı səfirliyi Rusiyada olan vətəndaşlarını Rusiya Federasiyasının sərhədləri açıq olduğu müddətdə ölkəni dərhal tərk etməyə çağırıb. Səfirlik öz qərarını onunla əsaslandırır ki, Rusiya prezidenti Vladimir Putinin qismən səfərbərlik elan etməsindən sonra Rusiyada yaşayan və ikili vətəndaşlığı olan amerikalıların Ukraynada müharibəyə səfərbər oluna bilməsi ehtimalı var.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə