ABŞ rəhbərliyindən İrana yeni sanksiyalar!

ABŞ İranın neft və neft-kimya məhsullarının ticarətinə qarşı yeni sanksiyalar tətbiq etmək qərarına gəlib. SİA xəbər verir ki, ABŞ administrasiyası İranın neft və neft-kimya məhsullarının Cənubi və Şərqi Asiyaya satışı ilə məşğul olan 8 şirkətinə sanksiya tətbiq edib.

ABŞ Maliyyə Nazirliyindən verilən açıqlamada, İran neftinin və neft-kimya məhsullarının maliyyə transferi və daşınmasını asanlaşdıran 8 şirkətin sanksiyalar siyahısına əlavə edildiyi və bu şirkətlərin İran, Honq-Konq, Hindistan və Birləşmiş Ərəb Əmirliklərində yerləşdiyi bildirilib. Digər tərəfdən ABŞ Dövlət Departamenti İran neftinin saxlanması və İran neft məhsullarının daşınması ilə məşğul olan Çində yerləşən iki şirkətə sanksiya tətbiq ediləcəyini açıqlayıb. ABŞ dövlət katibi Antoni Blinken verdiyi açıqlamada İranın Birgə Hərtərəfli Fəaliyyət Planını pozaraq nüvə proqramını sürətləndirməyə davam etdiyini və İranın neft və neft-kimya məhsullarının satışına qarşı sanksiyaları davam etdirəcəklərini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə