Sabah Putin ilhaqla bağlı sənəd imzalayacaq

Cümə günü, sentyabrın 30-da Kremldə onlar “Rusiyaya yeni ərazilərin daxil olması” haqqında müqavilələr imzalayacaqlar.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Söhbət Rusiya qoşunlarının işğal etdiyi ərazilərdə keçirilən səsvermənin nəticələrinə görə Rusiyanın ilhaq etmək niyyətində olduğu Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərindən gedir. Ukrayna və Qərb ölkələri bunu psevdoreferendum adlandırır və ilhaqı heç vaxt tanımayacaqlarını bildirirlər.

Dövlət Dumasının deputatları sentyabrın 30-da saat 15:00-da Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə keçiriləcək tədbir üçün Kremlə dəvət olunublar. Bu barədə RİA “Novosti” Rusiya Federasiyası Kommunist Partiyasından olan deputat Denis Parfenova istinadən məlumat yayıb. Peskovun sözlərinə görə, ilhaq sənədlərini imzalamazdan əvvəl Putin deputatlar qarşısında çıxış edəcək. Sözçü qeyd edib ki, bu, rəsmi olaraq Federal Məclisə bir mesaj olmayacaq.

Razılaşmalar separatçı “DNR” və “LNR” liderləri, həmçinin Xerson və Zaporojye vilayətlərinin Rusiya işğal administrasiyalarının rəhbərləri ilə imzalanacaq. Eyni sxem üzrə - Putinin Federasiya Şurasının deputatları və üzvləri qarşısında çıxışından sonra - 2014-cü il martın 18-də Krımın ilhaqına dair sənədlər imzalanıb.

Qeyd edək ki, sentyabrın 27-də Ukraynanın işğal olunmuş ərazilərində qondarma “referendum”un nəticələri açıqlanıb. Ukrayna, ABŞ və digər Qərb ölkələri uydurma adlandırdıqları “referendum”un nəticələrini tanımaq niyyətində olmadıqlarını bildiriblər.

Yeri gəlmişkən xatırladaq ki, Donetsk və Zaporojye vilayətləri ərazisinin əhəmiyyətli hissəsi və Xerson vilayətinin kiçik bir hissəsi hazırda Ukraynanın nəzarəti altındadır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə