Hamı bir nəfər kimi hərbi komissarlığa gəlsin!

Dağıstanın Dərbənd şəhərində bütün yerli kişi sakinlərdən təcili olaraq yerli hərbi komissarlığa gəlməyə çağırılır. Belə ki, onlar pasport və hərbi biletlərini götürüb təcili olaraq hərbi komissarlığa gəlməlidirlər.

SİA-nın yerli mənbələrə istinadən əldə etdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin avtomobilləri şəhərin küçələrində hərəkət edərək səsgücləndirici vasitəsilə müvafiq müraciəti yayımlayır.

“Hərbi biletiniz varsa, hərbi komissarlığa gəlmək lazımdır. Bizə lazım olsanız, saxlayacağıq, lazım olmasanız buraxacağıq”. Bunu şahidlər deyir və maraqlıdır ki, Dərbənd Rayonlararası Komissarlığının növbətçisi də təsdiq edib.

Qeyd edək ki, Hərbi Komissarlığa gəlmək üçün çağırışın videosunu “Diqqət, xəbər” teleqram kanalı da yayıb.

Xatıarladaq ki, sentyabrın 21-də Vladimir Putin Rusiyada səfərbərlik elan etdikdən sonra bəzi hərbi komissarlıqlarda... “dərəbəylik” baş alıb gedir. Deyilənlərə görə, Müdafiə Nazirliyinə hərbi xidmətə çağırışla bağlı çox geniş səlahiyyətlər verilib. Bundan isə yerlərdəki bəzi hərbi komissarlıqlar geninə-boluna yararlanmağa çalışırlar. Qeyd edək ki, bu gün çağırış vərəqəsinin orduda xidmət etməyən, qanuni yaş həddini keçən və s. şəxslərə verilməsi barədə soxsaylı xəbərlər var.

Onu da xatırladaq ki, Dağıstan bu gün Rusiyanın səfərbərliyə qarşı kütləvi etirazların keçirildiyi bölgələrindən biridir. Belə ki, paytaxt Mahaçqalada sentyabrın 25 və 26-da səfərbərliyə qarşı mitinqlər keçirilib.

“Kavkaz.Realii” saytının məlumatına görə, sentyabrın 25-də 120-yə yaxın adam saxlanılıb. Onlardan 8-i barəsində cinayət işi başlanıb, ertəsi gün azı 28-i azyaşlı olmaqla 110-a yaxın şəxs polis şöbələrinə gətirilib. 30-dan çox şəxs cinayət məsuliyyətinə cəlb edilib.

Yeri gəlmişkən onu da xatırladaq ki, sentyabrın 21-də səfərbərlik elan edildikdən sonra on minlərlə, bəzi məlumatlara görə isə daha çox rus xaricə qaçıb.

Bəs belə olan halda...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə