Şimali Osetiyanın Rusiya və Gürcüstanla sərhədində yerləşən “Yuxarı Lars” keçid məntəqəsinə (buraxılış məntəqəsi) piyadaların çıxışı məhdudlaşdırılıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Baza” Telegram kanalı bildirib.

Nəşrin məlumatına görə, artıq skuter və velosipeddə olan şəxslərin də “Yuxarı Lars”a daxil olmasına icazə verilmir. Hazırda məntəqəyə yalnız minik avtomobilləri və avtobuslar hərəkət edə bilər.

Verilən məlumata görə, artıq postları keçən və növbəyə dayanan ruslar hələ də sərhədi piyada keçə bilərlər.

Qeyd edək ki, Şimali Osetiyanın rəhbəri Sergey Menyailo bir müddət bundan əvvəl “Yuxarı Lars” keçid məntəqəsində yaranmış vəziyyətlə əlaqədar yüksək hazırlıq rejimi tətbiq edib. Belə ki, onun imzaladığı sənəd digər rayonlardan avtomobillərin respublika ərazisinə daxil olmasını məhdudlaşdırır.

Menyailo həmçinin bildirib ki, səfərbərliyə məruz qalan Şimali Osetiyaya daxil olan Rusiya vətəndaşlarına çağırış vərəqələri veriləcək. O vurğulayıb ki, bu, Rusiyanın digər regionlarında qeydiyyatda olan işə qəbul olunanlara da şamil olunacaq.

Xatırladaq ki, hələ iki gün əvvəl “Yuxarı Lars” keçid məntəqəsində 5,5 mindən çox avtomobil sıraya dayanaraq, sərhədi keçməyi gözləyirdilər. Amma deyəsən... alınmayacaq!. Çünki, artıq sentyabrın 28-dən etibarən keçid məntəqəsinin yaxınlığında üzərində “hərbi komissarlıq” yazısı olan avtomobil gəlib dayanıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə