Deyəsən, Kreml “Taliban”ı terror təşkilatı elan etmişdi axı...

Rusiya hökuməti Əfqanıstandakı “Taliban” hökuməti ilə ölkəni buğda, mayeləşdirilmiş təbii qaz, dizel yanacağı və benzinlə təmin etmək barədə razılığa gəlib. Eyni zamanda, Moskva "Taliban"a dünya qiymətləri ilə müqayisədə endirim təklif edib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə “Reuters” "Taliban"ın sənaye naziri vəzifəsini icra edən Nuriddin Əziziyə istinadən məlumat yayıb.

Maraqlıdır ki, “Taliban” Rusiyada terror təşkilatı kimi tanınır. Bununla belə, hərəkat Əfqanıstanda beynəlxalq səviyyədə tanınmış Əşrəf Qani hökumətinin devrilməsindən sonra bir ildən artıqdır ki, hakimiyyətə nəzarət edir.

Qeyd edək ki, Moskva Kabildə açıq səfirliyini tərk edən azsaylı ölkələrdən birinə çevrilib.

Buna baxmayaraq “Taliban” nümayəndə heyətləri mütəmadi olaraq Rusiyaya səfər edirlər,..elə o günlərdə Sankt-Peterburqda keçirilən beynəlxalq iqtisadi forumda da iştirak edirdilər.

Hə, demişdim axı, deməli Əzizinin sözlərinə görə, Rusiya Əfqanıstana hər il iki milyon ton buğda, bir milyon ton dizel yanacağı və benzin, 500 min ton maye qaz tədarük etməyə razılaşıb. O, razılaşmanın dəyərinin adını çəkməkdən imtina edərək, yalnız endirim olduğunu deyib.

…Müqavilənin necə ödəniləcəyi məlum deyil. “Taliban” hökuməti faktiki olaraq qlobal maliyyə sistemindən sanksiyalarla kəsilib. Moskva ilə razılaşma “Taliban” hakimiyyətə gəldikdən sonra məlum olan ilk böyük müqavilədir. Bir müddət əvvəl Vaşinqton Əfqanıstanın dondurulmuş ehtiyatlarının bir hissəsini ölkə üçün vacib malların alınmasını ödəmək üçün alacaq xüsusi fondun yaradılmasını elan edib.

Maraqlıdır ki, elə Moskva da razılaşmanı şərh etməyib. Terrorçuların maliyyələşdirilməsi Rusiya Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə qadağan edilib. Bir il əvvəl, 2021-ci ilin oktyabrında Rusiya prezidenti Vladimir Putin bəyan etmişdi ki, Rusiyanın mövqeyi “Taliban”ı terrorçular siyahısından çıxarmağa doğru irəliləməkdir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə