Avropa İttifaqı Rusiyaya smartfon və radarların ixracını qadağan etməyi təklif edib

Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyalar paketinə onlarla yüksək texnologiyalı malların ixracına qadağa da daxil ola bilər. “İnterfaks” “EUobserver”ə istinadən xəbər verir ki, bu barədə İrlandiya, Polşa və Baltikyanı ölkələrin tərtib etdiyi sənəddə deyilir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, burada söhbət smartfonlar, radar avadanlıqları və lazer avadanlıqlarından gedir. Həmçinin, təşəbbüs müəllifləri Avropa İttifaqı şirkətlərinə Rusiya müştərilərinə İT xidmətləri göstərməyi qadağan etmək və Avropa İttifaqında “Kaspersky Lab” məhsullarından istifadəni dayandırmaq istəyirlər.

Bundan əlavə, Rusiya Federasiyasından almazlarla əməliyyatlara, Avropa İttifaqı və ABŞ əskinaslarının Rusiya Federasiyasına idxalına və ruslara daşınmaz əmlak satışına qadağa qoyulmasını nəzərdə tutur.

Təşəbbüsü hazırlayanlar həmçinin Avropa İttifaqında qeydiyyatdan keçmiş lobbi şirkətləri, qeyri-hökumət təşkilatları və beyin mərkəzlərinin Rusiya tərəfindən maliyyələşdirilməsinə qadağa qoyulmasını istəyirlər.

Rusiyaya sanksiyalardan yayınmağa kömək edən şəxslərin aktivlərinin dondurulması və Avropa İttifaqına girişinin qadağan edilməsi təklifi də var idi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə