“Hər kəs bu kanalı gücləndirməlidir”

“Ukrayna-Rusiya müharibəsində tərəflərə şərəfli çıxış necə təmin edilə bilər? Putinin bu yeni açıqlamaları sizi təəccübləndirdimi? Son hadisələri necə qiymətləndirirsiniz?" suallarına Ərdoğan belə cavab verib...

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfərinin sonunda Nyu-Yorkdakı Türk Evində jurnalistlərin suallarını cavablandırıb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

“Ukrayna-Rusiya müharibəsində tərəflərə şərəfli çıxış necə təmin edilə bilər? Putinin bu yeni açıqlamaları sizi təəccübləndirdimi? Son hadisələri necə qiymətləndirirsiniz?" suallarına Ərdoğan belə cavab verib: “Bu müharibənin hər iki ölkə, region və dünya xalqlarına verdiyi bədəl göz qabağındadır. Lakin biz atdığımız addımlardan razıyıq. Məsələn, bu gün (22 sentyabr) girovların dəyişdirilməsi ilə bağlı addımlar atılıb. Cənab Putin və cənab Zelenski ilə apardığım diplomatik danışıqlar nəticəsində Rusiya ilə Ukrayna arasında 200 hərbi əsir mübadiləsi baş tutub. Bu əsir mübadiləsi müharibənin sona çatması istiqamətində mühüm addımdır. Rusiya ilə Ukrayna arasında sülhün bərqərar olması istiqamətində səylərimiz davam edir. Əsir mübadiləsinə görə mən cənab Putin və cənab Zelenskiyə təşəkkürümü bildirirəm.

Beynəlxalq hüquq çərçivəsində prinsipial və vicdanlı mövqe tutmuşuq. Türkiyə əvvəldən dialoq və diplomatiyanın gücünə inanıb və bunu sübut etməyə çalışıb. Girov mübadiləsi ilə Türkiyə dialoq və diplomatiyanın gücünə inanmağın nəticəsini aldı. Bu, bizi çox sevindirir.

Başda BMT olmaqla, eyni təşəbbüs göstərilməli və problemin həlli üçün daha çox səy göstərilməlidir. Təəssüf ki, Birləşmiş Millətlər Təşkilatı nə müharibəyə son qoya bilir, nə axan qanı dayandıra bilir, nə də müharibə nəticəsində yaranan enerji və ərzaq böhranlarına həll yolu tapa bilir. Taxıl dəhlizi mövzusunda səy göstərməsi BMT-yə etibarı bir az təzələdi, amma müharibənin bitməsi üçün daha çox səy göstərilməlidir.

Bu, təkcə mənim deyil, bütün dünya ölkələri başçılarının birgə çalışmaları ilə həyata keçirilməli bir prosesdir. Hər kəs bu kanalı gücləndirməlidir. Yəni cənab Putinlə az-çox münasibəti olan hər kəs bunları onunla müzakirə etməlidir. Eynilə Zelenski ilə də. Əks halda, bu başçılara mənfi yanaşmalar gözlədiyimiz nəticəni verməz, əksinə, ölümləri, dağıntıları daha da artırar”.

Bütün xəbərlər Facebook səhifəmizdə