Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir: Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bildiriblər ki, iclasda Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 453.10-cu maddəsinin şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim R.İsmayılovun məruzəsini, maraqlı subyektlərin nümayəndələri Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi B.Pənahovun və Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri H.M.Seyidin, mütəxəssislər Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri H.Nəsibovun, Bakı Apellyasiya Məhkəməsinin hakimi İ.İbrahimlinin, Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi A.Osmanovanın, Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü F.Həsənovun mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət prosesi kafedrasının müdiri hüquq üzrə elmlər doktoru, professor F.Abbasovanın rəyini və işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, 1. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 453.10-cü və 454-cü maddələrinin tələbləri baxımından cinayət işinin başlanmasının rədd olunması barədə qərarın qanuniliyi və əsaslılığına dair hakimin qərarının apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılması eyni hallar üzrə təkrarən məhkəmə nəzarətinin həyata keçirilməsini istisna edir.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Bütün xəbərlər Facebook səhifəmizdə