Balkan Xəbər Agentlikləri Assosiasiyası Bolqarıstanda yerləşəcək

Balkan Xəbər Agentlikləri Assosiasiyası Bolqarıstanda yerləşəcək

Balkan Xəbər Agentlikləri Assosiasiyası – Cənub-Şərqi Avropa (BXAA-CŞA) qurumunun mənzil-qərargahı Bolqarıstanda yerləşəcək, Bolqarıstan Xəbər Agentliyinin (BXA) Baş direktoru Kiril Valçev isə üç il müddətində qurumun baş katibi olacaq. SİA xəbər verir ki, bu barədə qərar BXAA-CŞA-nın sentyabrın 19-da Burqas şəhərində BXA tərəfindən təşkil edilmiş 30-cu Baş assambleyasında mütləq səs çoxluğu ilə qəbul edilib.

Yunanıstanın ANA-MPA agentliyinin Baş direktoru Aimilios Perdikaris BXAA-CŞA-nın prezidenti seçilib. Baş assambleyanın növbəti toplantısı 2023-cü ilin yazında Tessaloniki şəhərində keçiriləcək.

Qurumun Direktorlar Şurasına BXAA-CŞA-nın səlahiyyət müddəti bitmiş Prezidenti və “KosovoPress” xəbər agentliyinin sahibi Skender Krasniqi və “Anadolu” agentliyinin Baş direktoru Serdar Karagöz də daxildir. Qurumda prezidentlik növbəlilik prinsipi əsasında 2024-cü ildə Türkiyəyə keçəcək.

BXAA-CŞA Bolqarıstanda qeydiyyata alınacaq və onun ofisi BXA-da yerləşəcək. Baş assambleya Avropa Xəbər Agentlikləri Alyansının (AXAA) Nizamnaməsində təsbit edilmiş prinsiplər əsasında BXAA-CŞA-nın Nizamnaməsini qəbul edib.

“Bu, Bolqarıstanın böyük ölçüdə tanınmasıdır, çünki ölkədə qeydiyyatdan keçmiş beynəlxalq təşkilatların sayı çox deyil. Balkan Yarımadasında olan 11 ölkə bu qurumda birləşmişdir. Qurumda İtaliyadan müşahidəçi də var, belə ki, həmin ölkənin bir hissəsi Balkanlara düşür. Biz İtaliyanın da quruma qoşulacağını gözləyirik”, - deyə K.Valçev söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə