Mətbuat katibi Ukraynadakı vəziyyətin diplomatik yolla nizamlanması perspektivini görmür
Peskov ümidsizdir..?

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov, hazırda Ukraynadakı vəziyyətin siyasi və diplomatik yolla nizamlanmasının heç bir perspektivlərinin olmadığını bildirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə o, bu gün “İnterfaks” agentliyinə danışıb.

Qeyd edək ki, Kreml sözçüsü ilk olaraq hazırda belə perspektivləri...ümumiyyətlə görünmədiyini etiraf edib.

Xatırladaq ki, bir müddət bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın Ukraynadakı münaqişəsini tez bir zamanda dayandıracağına ümid edirdi.

Amma “Kommersant” qəzetinin də qeyd etdiyi kimi, ötən həftə rusiyalı həmkarı Putinlə Özbəkistanda görüşən Türkiyə lideri, görüşdən sonra “...bu vəziyyətin artıq böyük problem” olduğunu etiraf edib.

“...Mən Özbəkistanda Putinlə geniş görüşlər keçirdim. Başa düşürəm ki, onlar bunu tez bir zamanda başa çatdırmağa çalışırlar. Bu vəziyyət böyük problemdir”, - deyə Ərdoğan PBS telekanalına açıqlama verərkən deyib.

Amma buna baxmayarq o, həm Putin, həm də Ukrayna lideri Vladimir Zelenski ilə danışıqlar apardığını da vurğulayıb.

Yeri gəlmişkən, yenə də bir müddət bundan əvvəl Türkiyə-Amerika Milli Koordinasiya Komitəsinin Nyu-Yorkda keçirilən iclasında Ərdoğan Türkiyənin Rusiya-Ukrayna münaqişəsinin diplomatiya və danışıqlar yolu ilə həlli üçün səylərini davam etdirəcəyini bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə