Quantanamodakı sonuncu “Taliban” məhbusu...

Quantanamodakı  sonuncu “Taliban” məhbusu...

Amerikalı mühəndis Mark Frerixs Əfqanıstanın paytaxtı Kabilin hava limanında “Taliban” islamçı radikal hərəkatının yüksək rütbəli üzvü Bəşir Nurzai ilə dəyişdirilib.

SİA-nın əldə etdiyi məlumata görə, mübadilə ilə bağlı məlumatı ABŞ prezidentinin administrasiyası təsdiqləyib.

Qeyd edək ki, on ildən artıq müddətdə məsləhətçi mühəndis kimi çalışan və tez-tez Əfqanıstana səfər edən ABŞ Hərbi Dəniz Qüvvələri veteranı Mark Frerixs 2020-ci ilin fevralında həmin ölkədə birdən-birə yoxa çıxır. Onun Talibanla əlaqəsi olan Haqqani şəbəkəsi tərəfindən qaçırıldığı güman edilir. Vaşinqton 2021-ci ilin avqustunda “Taliban” Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra, ABŞ qoşunlarının əsas hissəsini ölkədən çıxardıqdan sonra da daxil olmaqla Frerixsin azad edilməsinə təkan verdi. Bundan sonra, yəni 2022-ci ilin aprelində Frerixsin kömək üçün yalvardığını göstərən bir video da yayımlandı.

Frerixsin bacısı Çarlin Kakora, ABŞ səlahiyyətlilərinə, o cümlədən prezident Cozef Baydenə qardaşını geri qaytarmaq üçün göstərdikləri səylərə görə təşəkkür edib. Bayden, sərbəst buraxılma xəbərini bölüşmək üçün Kakora ilə şəxsən danışdığını söyləyib. “Bizim birinci prioritetimiz Markın sağlam və təhlükəsiz qayıtmasını təmin etmək və ona cəmiyyətə qayıtması üçün lazım olan yer və vaxt verməkdir”- deyə Bayden bildirib.

Dediyimiz kimi, Frerixs 2001-ci ildə amerikalılar tərəfindən agent kimi işə götürülən Bəşir Nurzai ilə dəyişdirilib. Nurzai 2005-ci ildə ABŞ-da 50 milyon dollar dəyərində heroin keçirməyə cəhd etdiyi üçün həbs edilib. 2009-cu ildə o, ömürlük həbs cəzasına məhkum edilib. Qeyd edək ki, Nurzainin vəkili müdafiə etdiyi şəxsin narkotik alverçisi olmadığını bildirib. O, həmçinin Nurzaiyə qarşı irəli sürülən ittihamların ləğv edilməsində israr edib, çünki Nurzainin idarəçiləri, Amerika rəsmiləri ABŞ-a gələndə onun həbs olunmayacağına zəmanət vermişdilər.

Maraqlıdır ki, azadlığa çıxıb Əfqanıstana qayıtdan Nurzai, ömrünün 17,5 ilini Amerikanın Quantanamo həbsxanasında keçirdiyini və oradakı “Taliban”ın sonuncu məhbusu olduğunu bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə