Rəisinin Nyu-Yorka səfəri zamanı Amerika rəsmiləri ilə dialoq olmayacaq

"Danışıqları mübahisələrin həlli üçün düzgün, məntiqli və ağlabatan bir yol kimi görürük"
Rəisinin Nyu-Yorka səfəri zamanı Amerika rəsmiləri ilə dialoq olmayacaq

"Prezident İbrahim Rəisinin Nyu-Yorka 5 günlük səfəri zamanı Amerika rəsmiləri ilə ikitərəfli dialoq olmayacaq".

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani paytaxt Tehranda keçirdiyi mətbuat konfransında gündəmi dəyərləndirərkən deyib.

N.Kənani Birləşmiş Millətlər Təşkilatının 77-ci Baş Assambleyasında iştirak etmək üçün Nyu Yorka gedən İran prezidentinin 5 günlük səfərinə toxunaraq, səfər zamanı nüvə müzakirələrinin müzakirəsi üçün nəzərdə tutulmuş proqramın olmadığını bildirib.

Kənani sanksiyaların aradan qaldırılması üçün Baş Assambleyanın fasilələrində tərəflərlə danışıqların aparılması ehtimalının olduğunu və ABŞ rəsmiləri ilə ikitərəfli dialoqun olmayacağını vurğulayıb.

İranın heç vaxt danışıqlar masasından ayrılmadığını qeyd edən N.Kənani danışıqları mübahisələrin həlli üçün düzgün, məntiqli və ağlabatan bir yol kimi gördüklərini bildirib.

Azərbaycan və Ermənistan arasında son vaxtlar baş verən qarşıdurmalara toxunan Kənani münaqişələrə son qoymaq və gərginliyi azaltmaq üçün siyasi həll və dialoqun zəruriliyinə inandıqlarını qeyd edib.

Münaqişələrin sona çatması üçün regional təşəbbüslərə ehtiyac olduğunu vurğulayan İran sözçüsü bu kontekstdə Türkiye və Rusiya kimi region ölkələrinin təşəbbüslərinə önəm verdiklərini bildirib.

O, əlavə edib ki, Azərbaycan və Ermənistanla dostluq münasibətləri olan İran gərginliyin və fikir ayrılıqlarının aradan qaldırılmasına kömək etməyə hazırdır.

Bütün xəbərlər Facebook səhifəmizdə