Ermənistanda baş verənlər... demə, ABŞ-ı da maraqlandırırmış
KTMT sülh tərəfdarıdır...

KTMT-nin Ermənistandakı missiyası son döyüş əməliyyatları ilə bağlı hələ bir nəticə çıxarmayıb, yəni “qılıncını hələ də qınından çıxarmayıb”.

SİA-nın əldə etdiyi məlumata görə, “Sputnik Ermənistan” xəbər verir ki, bunu missiyanın qabaqcıl qrupunun rəhbəri, general-polkovnik Anatoli Sidorov deyib.

Sidorov bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsində siyasi və diplomatik üsullara üstünlük verilir. Ona görə də KTMT “indiyə qədər qınından heç bir qılınc çıxarmayıb” və “məsələləri mümkün qədər sülh yolu ilə həll etməyə” çalışır.

Onun sözlərinə görə, bugünkü vəzifə toqquşmaların baş verdiyi yerlərə: yaşayış məntəqələrinə, atəşə məruz qalan erməni tərəfinin bölmələrinin mövqelərinə baş çəkmək olub. Eyni zamanda, missiyanın nümayəndələri “mümkün qədər obyektiv olmağa” və “faktlar üzərində işləməyə” çalışırlar.

General qeyd edib ki, KTMT Ermənistan və Azərbaycan, eləcə də Qırğızıstan və Tacikistan sərhədlərində gərginliyin artmasının sülh yolu ilə həllinə çalışır.

Qeyd edək ki, İrəvanla Bakı arasında münaqişənin kəskinləşməsindən sonra sentyabrın 13-də KTMT Şurasının fövqəladə iclası keçirilib. İclasda məsləhət təkliflərinə baxılıb. Əməliyyat qrupu monitorinq missiyasını yerinə yetirmək üçün sentyabrın 15-də Ermənistana gəlib. Qrup, döyüş bölgəsində işləyəcək və bölgədəki vəziyyətlə bağlı hesabat təqdim edəcək.

Maraqlıdır ki, Ermənistanda baş verənlər... demə ABŞ-ı da maraqlandırırmış. Belə ki, bayaq dediyimiz kimi, Nensi Pelosinin başçılıq etdiyi “Ermənistanın köhnə dostları”ndan ibarət nümayəndə heyəti İrəvana gəlib. Amerikalılar Ermənistan hakimiyyəti ilə “məhsuldar görüşlər” keçirmək və “regionda dəyərlərimizi və maraqlarımızı təbliğ etmək” niyyətindədirlər.

...Bunu isə rus saytları yazıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə