Rusiya ABŞ-ın bu qərarını beynəlxalq hüquqa zidd adlandırır

Taliban ABŞ-ın Əfqanıstan dövlət ehtiyatlarının bir hissəsini İsveçrə fonduna köçürmək qərarını tənqid edib
Rusiya ABŞ-ın bu qərarını beynəlxalq hüquqa zidd adlandırır

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş radikal Taliban hərəkatı ABŞ-ın Əfqanıstan Mərkəzi Bankının dondurulmuş aktivlərindən 3,5 milyard dolları İsveçrə trast fonduna köçürmək qərarını tənqid edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, müvafiq bəyanatı cümə axşamı öz “Tvitter” səhifəsində Talibanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Əbdül Kahar Bəlxi yazıb.

O, Vaşinqtonun qərarını qəbuledilməz və beynəlxalq prinsiplərə zidd adlandırıb. Bəlxi Əfqanıstanda 20 il ərzində Amerika qoşunlarının əməlləri və Vaşinqtonun dəstəyinə arxalanan ölkənin keçmiş hökumətinin siyasəti nəticəsində baş vermiş humanitar fəlakətdə ABŞ-ı günahlandırıb.

Xatırladaq ki, çərşənbə günü “Reuters” agentliyi ABŞ Xəzinədarlığına istinadən Əfqanıstan Mərkəzi Bankının dondurulmuş aktivlərindən 3,5 milyard dolları İsveçrənin trast fonduna köçürmək niyyəti barədə məlumat verib.

Agentliyin məlumatına görə, maliyyə Taliban tərəfindən yaradılan müvəqqəti hökumətdən yan keçəcək.

Qeyd edək ki, bu arada Rusiyanın Vaşinqtondakı səfirliyi də ABŞ-ın bu qərarını beynəlxalq hüquqa zidd adlandırıb.

Yeri gəlmişkən bildirək ki, ABŞ silahlı qüvvələrini ölkədən çıxarmaq qərarını elan etdikdən sonra Taliban Əfqanıstan üzərində nəzarəti bərqərar etmək üçün genişmiqyaslı əməliyyata başlayıb. Hərəkat hakimiyyəti ələ keçirdikdən sonra Vaşinqton administrasiyası devrilmiş Əfqanıstan hökumətinin ABŞ banklarındakı dövlət ehtiyatlarını dondurdu ki, Taliban onlara daxil ola bilməsin. Bununla yanaşı Beynəlxalq Valyuta Fondu və Dünya Bankı Kabilə yardımı dayandırıb.

Xatırladaq ki, dondurulmuş vəsaitlərin ümumi məbləği təxminən 9,5 milyard dollardır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə