Putin və Si Qərbə qarşı pakt bağlayacaqlar...

...özü də Özbəkistanda
Putin və Si Qərbə qarşı pakt bağlayacaqlar...

...Bu arada Almaniyanın "Handelsblatt" nəşri iki lider - Vladimir Putin və Si Tszinpin arasında Çinin Moskvaya dəstəyinə işarə edəcək və anti-Qərb paktının bağlanması üçün platforma rolunu oynayacaq görüşdən narahatdır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, hazırda siyasi, əsasən də qərbli müşahidəçilər bu görüşə böyük simvolik əhəmiyyət verirlər. Əslində əsassız da deyil. Çünki iki ildən də artıqdır ki, Çindən kənara çıxmayan Si, nəhayət ki, rəsmi səfərə gedəcək.

Maraqlıdır ki, onun ilk xaricə səfərinin Putinlə bağlı olması isə Rusiyaya böyük məhəbbətin əlaməti kimi qəbul edilir.

Yeri gəlmişkən, əvvəllər Sinin pandemiyadan sonra ilk xaricə səfərinin Səudiyyə Ərəbistanında baş tutacağını deyirdilər, amma...

...Nəşr xatırladır ki, Si Ukrayna münaqişəsinə münasibətdə neytral mövqe tutduğunu bəyan etsə də, lakin əslində o, əksər məqamlarda Moskvanın mövqeyini dəstəkləyir. Belə görünür ki, o da NATO-nun Şərqə doğru genişlənməsinə qarşıdır, ABŞ-ı gərginliyi artırmaqda ittiham edir, Rusiyanın qanuni təhlükəsizlik narahatlıqlarından danışır və Qərbin sanksiyalarını qeyri-qanuni adlandırır.

Üstəlik, Çin Rusiya xüsusi hərbi əməliyyatını əsassız təcavüz və işğal adlandırmaqdan qətiyyətlə imtina edir.

Xatırladaq ki, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfərindən sonra ABŞ və Çin arasında münasibətlər kəskin şəkildə pisləşib və Putinlə Si arasında Özbəkistanda gözlənilən görüş Qərb üçün çoxlu başağrısına səbəb olmaqdadır.

...Çünki onlar birləşərək ABŞ və müttəfiqləri üçün təhlükə yaradır və ikiqütblü dünyanın başlanğıcını sürətləndirirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə