Böyük Britaniyanın Baş nazirinin müavini və ədliyyə naziri Dominik Raab hər iki vəzifəsindən istefa verdiyini elan edib. SİA Sky News telekanalına istinadla xəbər verir ki, Dominik Raab tviter səhifəsində yazdığı açıqlamada yeni Baş nazir Liz Trassın kabinetində yer almaq istəmədiyini bildirib. Eyni zamanda, yeni Baş nazirə və onun komandasına uğurlar arzulayıb.
Dominik Raab istefa verdiyi postda ötən il sentyabrın 15-dən çalışırdı. Buna qədər isə iki il Britaniya XİN-ə başçılıq etmişdi. Xarici işlər naziri işləyərkən ötən ilin avqustunda Əfqanıstanda vəziyyət kəskinləşdiyi vaxt məzuniyyətə çıxdığı üçün müxalifətin ciddi tənqidinə məruz qalmış və bu səbəbdən başqa işə keçirilmişdi. Forin ofisin başçısı vəzifəsində onu Liz Trass əvəzləmişdi.
Dominik Raab Mühafizəkar partiyanın lideri postu uğrunda mübarizə zamanı Rişi Sunakı dəstəkləyirdi və buna görə də onun hazırkı hökumətdə yer alması praktiki olaraq qeyri-mümkün görünürdü.
Bu gün, həmçinin nəqliyyat naziri Qrant Şepps, səhiyyə naziri, eləcə də xüsusi tapşırıqlar üzrə nazir Stiv Barkli öz postlarından getdiklərini bildiriblər.
Xatırladaq ki, Böyük Britaniya kraliçası II Elizabet bu gün Liz Trassı Baş nazir vəzifəsinə təyin edib və ona yeni hökuməti formalaşdırmağı tapşırıb.
Liz Trass kraliça II Elizabetin təyin etdiyi 15-ci Baş nazir, Böyük Britaniyanın bütün tarixi ərzində bu postu tutan üçüncü qadındır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB