Silahlar Çinin pilotsuz təyyarələrinə tuşlanıb

Silahlar Çinin pilotsuz təyyarələrinə tuşlanıb

Bu günlərdə Tayvan rəhbərliyi Kinmen və Matsu adalarında pilotsuz təyyarələrə qarşı yeni silahlar yerləşdirib. Qeyd edək ki, Tayvanın müdafiə nazirliyi silahların daha çox Çinin pilotsuz təyyarələrinə qarşı yönəldildiyini də gizlətməyib.

Bu arada “Taiwan News” qəzetinin məlumatına görə, son günlər Çinin pilotsuz təyyarələri Cinin Fujian əyaləti yaxınlığında tez-tez görünməyə başlayıblar.

Belə ki, SİA-nın da sonradan əldə etdiyi məlumata görə, onlardan biri sentyabrın 1-də Tayvan hərbçilərinin xəbərdarlığına cavab vermədiyi üçün dəniz üzərində vurulub.

Yeri gəlmişkən, bir müddət bundan əvvəl Tayvan hakimiyyəti Pekinin adaya Xalq Azadlıq Ordusunun 5 gəmi və 4 təyyarəsini göndərdiyini bildirmişdi.

Bir daha xatırladaq ki, Tayvan ətrafında vəziyyət amerikalı spiker Nensi Pelosinin adaya səfərindən sonra gərginləşib. Çin onun səfərini Vaşinqtonun “Tayvan separatizminə” dəstəyi kimi pisləyib və genişmiqyaslı hərbi təlimlərə başlayıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə