Hüseyn Əmir Abdullahiyan: "ABŞ-ın təklifləri araşdırılır"

Hüseyn Əmir Abdullahiyan: "ABŞ-ın təklifləri araşdırılır"

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ABŞ-ın nüvə sazişinin canlandırılması ilə bağlı təqdim etdiyi təklifləri araşdırmaqda davam etdiklərini bildirib.

"Bizə təminatlarla bağlı daha güclü mətn lazımdır. Əgər ABŞ realist davranarsa və mövcud mətni gücləndirərsə, razılıq uzaqda deyil", -deyə nazir qeyd edib.

SİA-nın əldə etdiyi məlumata görə, Hüseyn Əmir Abdullahiyan Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb.

İki nazir görüşdən sonra birgə mətbuat konfransı keçirib.

İranla nüvə müzakirələrinin koordinatoru olan Avropa İttifaqının (Aİ) təqdim etdiyi və nüvə danışıqlarında yekun yol xəritəsi kimi qəbul edilən saziş layihəsinə avqustun 24-də ABŞ-dan aldıqları cavaba işarə edən Abdullahiyan deyib ki, ABŞ-ın sanksiyaların ləğvi ilə bağlı göndərdiyi sonuncu mətni aldıq. Həmkarlarım Amerika tərəfinin təkliflərini diqqətlə araşdırır. Əgər bu, mövcud mətni gücləndirərsə, razılaşma uzaqda deyil.

Nazir Abdullahiyan bildirib ki, İran ABŞ-ın cavabı ilə bağlı araşdırmalarını tamamladıqdan sonra danışıqların koordinatoru olan Aİ-yə öz fikirlərini göndərəcək.

"Vyanada aylarla danışıqlar oldu. Məqsədimiz yaxşı, güclü və sabit razılaşma əldə etməkdir. Biz ABŞ tərəfinin realizmi ilə razılığa gələcəyimizə ümid edirik", deyə İranın xarici işlər naziri qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə