“Şəxsi təhlükəsizliyiniz üçün ayıq-sayıq olun”

Türkiyə Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada bildirilir...
“Şəxsi təhlükəsizliyiniz üçün ayıq-sayıq olun”

Türkiyə Bağdaddakı nümayişlərlə bağlı zorakılıqlardan narahat olduğunu bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, Türkiyə Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada bildirilir: "Neçə müddətdir Bağdadda baş verən proseslər ölkənin sabitliyi, birliyi və təhlükəsizliyi üçün təhdid halına gəlib. Dost və qardaş İraqın sabitliyi və təhlükəsizliyi Türkiyə üçün həyati əhəmiyyət kəsb edir. Bu baxımdan bütün ölkə üzrə zorakılığın yayılmasından narahatıq.

Tərəfləri sağlam düşüncə və təmkinli olmağa çağırırıq. Ümid edirik ki, hazırkı siyasi münaqişələr sülh və inklüziv dialoq yolları ilə həll oluna bilər. İraq xalqının sülhü və rifahı təmin olunmalıdır”.

Türkiyə Xarici İşlər Nazirliyi Bağdaddakı etirazlarla əlaqədar vətəndaşlarına da səyahət xəbərdarlığı edib. Nazirlikdən verilən açıqlamada yazılır: “Bağdadda təhlükəsizlik vəziyyətinin pisləşməyə başladığını nəzərə alaraq vətəndaşlarımıza məcburi hallar istisna olmaqla, bu şəhərə getməmək tövsiyə olunur. Hazırda İraqda olan vətəndaşlarımızdan da Bağdadda kütləvi nümayişlərin keçirildiyi yerlərdən uzaq durmaları, nazirliyimiz və səfirliyimiz tərəfindən verilən xəbərdarlıq və elanlara əməl etmələri, şəxsi təhlükəsizlikləri üçün ayıq-sayıq olmaları məsləhət görülür.

Türkiyə vətəndaşları birbaşa +903122922929 nömrəli İraq Konsulluq Çağrı Mərkəzinə, +9647901909406 və [email protected] ​​elektron poçt ünvanı vasitəsilə Türkiyənin İraqdakı Səfirliyinə müraciət edə bilər”.

Xatırladaq ki, 2021-ci ildə İraqda keçirilən parlament seçkilərində qalib gələn Sədr Hərəkatının lideri Müqtəda əs-Sədr avqustun 29-da sosial media hesabından verdiyi açıqlamada siyasətdən tamamilə uzaqlaşdığını bəyan edib. Bundan sonra bir qrup Sədr tərəfdarı paytaxtda hökumət binaları və xarici nümayəndəliklərin yerləşdiyi Yaşıl Zonada Hökumət Sarayının qarşısına toplaşaraq hökumətə etiraz bildiriblər. Görülən təhlükəsizlik tədbirlərinə baxmayaraq, beton baryerləri sökərək Hökumət Sarayının qarşısına toplaşan Sədr tərəfdarları hökumət rəsmilərini istefaya çağırıb. Aksiya ilə əlaqədar Bağdadda komendant saatı elan edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə