Türkiyə Suriya siyasətini dəyişirmi?

Sözügedən mövzuda Türkiyə SETA – Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun baş direktoru Murad Yeşiltaşın “Türkiyənin Suriya siyasəti dəyişirmi?” başlıqlı yazısını təqdim edirik. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Türkiyə Suriya siyasətini dəyişirmi?

Bir neçə həftədir davam edən müzakirələr və bəyanatlar Türkiyənin Suriya siyasətini dəyişməyə hazırlaşdığı təəssüratını yaradır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynadan qayıdarkən verdiyi “Biz Suriya ilə bağlı gələcək addımları təyin etmək istəyirik” açıqlaması ilə müzakirələr yeni şəkil alıb.

Soçi görüşünün əsas gündəmi Suriya mövzusu idi. Ərdoğan-Putin görüşündən sonra bu açıqlama xüsusi məna daşıdı. Rusiya prezidenti terrorla mübarizədə həll yolu olaraq Suriya hökuməti ilə danışıqlar apardığını söylədi. Bu, Rusiyanın mövqeyində dəyişikliyə dəlalət etməsə də, son açıqlamalar Türkiyənin “Əsəd administrasiyası ilə danışıqlar” nöqtəsində Suriya siyasətində dəyişiklik etməyə hazırlaşdığını göstərir.

Türkiyənin Suriya siyasəti dəyişirmi? Bu prosesdə bir neçə mühüm məsələ ortaya çıxır. Birincisi, BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsi çərçivəsində sülh yolu ilə həll prosesinin davam etdirilməsidir. Türkiyənin hazırkı mövqeyi sözügedən qətnamədə nəzərdə tutulan yol xəritəsinə tam uyğundur. Yəni konstitusiyanın yazılması, seçkilərin keçirilməsi və müvəqqəti hökumətin qurulması 2254-cü qətnamənin sütunlarıdır. Ona görə də Suriya rəhbərliyi ilə əlaqələr qurmaq məqsədi bu həll prosesinə yalnız yardım ola bilər.

İkinci məsələ terrorla mübarizədir. Son illər Adana Sazişinə tez-tez istinad edildiyini nəzərə alsaq, rəsmi Dəməşqlə Ankara arasında terrorla mübarizəyə dair əsas mətnin mövcudluğundan danışmaq olar. Rusiyanın Türkiyəni hakimiyyətə yönəltməsinin məntiqi bu təməl mətn üzərində qurulub.

PKK ilə mübarizədə Suriya hökuməti ilə yeni ortaqlığın necə qurulacağı hələlik bəlli deyil. Ona görə də siyasət dəyişikliyinin baş verməsi üçün Türkiyə, ya da Suriya PKK ilə siyasətində hərtərəfli dəyişiklik etməlidir. Bu məqamda bir neçə alternativi qeyd edə bilərik. Bütün bu imkanlar qısamüddətli həll yolları yarada bilən məsələlərdir.

Birincisi, Suriya hökuməti Türkiyə sərhədində yerləşdirdiyi PKK-nı ləğv etməli, terrorçuları Münbic və Tel-Rıfat kimi bölgələrdən çıxarmalıdır. Bunun da PKK tərəfindən könüllü qəbul ediləcəyi ehtimalı azdır. Belə olan halda Suriya hökuməti PKK-nı məcburedici vasitələrlə tərksilah etməlidir. Amma bu gün nə Suriya hakimiyyətinin buna qüdrəti çatır, nə də PKK bu fikri qəbul edir.

İkinci məsələ Türkiyənin Suriya Milli Ordusu ilə birgə PKK-ya qarşı hökumətin dəstəyilə hərbi təmizləmə aparmasıdır. Bu zaman həm Türkiyənin təhlükəsizlik narahatlığı aradan qalxar, həm də Suriyanın PKK-ya qarşı əli güclənər. Amma bu məqamda Suriya hökumətinin PKK-dan Türkiyəyə qarşı istifadə ehtimalı qüvvəsində qalır.

Üçüncü məsələ Türkiyədən Suriyaya müvəqqəti mühafizə statusu altında olan qaçqınların qaytarılmasıdır. Bu, ən çətin proseslərdən biridir. Qaçqınların siyasi həll olmadan öz torpaqlarına qayıtmasını gözləmək son 10 ildə mühacir məsələsindən heç bir dərs almamaq deməkdir. Axır vaxtlar Suriya hökumətinin qayıdanlara rəftarı heç də ürəkaçan deyil. Məsələn, Suriya ilə dialoq maneəsi olmasa da, Livan və İordaniyadan qaçqınların geri dönüşü son dərəcə məhdudlaşıb. Belə olan halda Türkiyədəki qaçqınların Suriyaya qayıtmasını yalnız Əsəd administrasiyası ilə danışıqlar yolu ilə mümkün etmək olduqca çətin görünür. Digər tərəfdən, bu sazişi yol xəritəsinə bağlamadan irəli sürmək sığınacaq axtaranlar üçün daha böyük problemlər yarada bilər. Hakimiyyətin xaricə gedənlərə “satqın” kimi baxdığı, infrastrukturun tamamilə dağıldığı, hökumətin iqtisadi gücünün məhdudlaşdığı bir şəraitdə qaçqınların geri göndərilməsi müşkülə dönür.

Dördüncü və bəlkə də ən vacib məsələ dissidentlərin vəziyyətidir. Bu məqamda Əsəd administrasiyasının barışıq nöqtəsində qoyduğu şərtləri qəbul etməsi müxalifət üçün təslim olmaqdan başqa bir şey demək deyil. Müxalifətin bütün hərbi və siyasi strukturu ləğv edərək, xüsusilə də silahı yerə qoyaraq Əsəd hökuməti ilə masa arxasında oturması mümkün görünmür. Olsa da, Türkiyə belə bir vəziyyəti qəbul edə bilməz. Çünki Cenevrədə 3 ildir razılığa gəlinməyən və Suriya hakimiyyətinin öz xüsusi yoluna əsaslanan bir strategiyası var ortada. Müxalifətlə hökumət arasında yeni əlaqə nöqtəsi yaratmaq çətin olacaq və proses uzanacaq. Üstəlik, prezident R.T.Ərdoğanın söylədiyi kimi desək, “YPG və hakimiyyət qüvvələrinin Əl-Babı raketlərlə hədəfə alması Suriyanın müxalifət bölgələrinə necə baxdığının göstəricisidir”. Ancaq Suriya hökuməti bu məsələdə son dərəcə maksimalistdir: şimal bölgələrindən çəkilmədən Türkiyədən ən çox qazanc əldə etmək üçün masa arxasına oturmağa razı ola bilər.

Müxalifət məsələsinə İdlib prizmasından baxanda isə hər şeyin daha mürəkkəb olduğunu görmək mümkündür. Ona görə də son proseslər göstərir ki, Türkiyə Suriya siyasətində strategiya dəyişikliyi etmək əvəzinə problemlərin həllində yeni təşəbbüslə çıxış etmək istəyir.

Bütün xəbərlər Facebook səhifəmizdə