"BMT-nin mövcud strukturu dəyişilməlidir"

Türkiyə Prezident Aparatı İctimaiyyətlə Əlaqələr Departamenti Hollandiyanın paytaxtı Amsterdamda “BMT Təhlükəsizlik Şurasının islahatı: beynəlxalq nizamın yenidən qurulmasına yanaşma” adlı panel təşkil edib

Türkiyə Prezident Aparatı İctimaiyyətlə Əlaqələr Departamenti Hollandiyanın paytaxtı Amsterdamda “BMT Təhlükəsizlik Şurasının islahatı: beynəlxalq nizamın yenidən qurulmasına yanaşma” adlı panel təşkil edib. Panel departamentin rəhbəri Fəxrəddin Altunun video-müraciəti ilə başlayıb. SİA-nın əldə etdiyi məlumata görə, o deyib: “Birləşmiş Millətlər Təşkilatı yaxın keçmişdə və bu gün insan faciələri və müharibələr qarşısında aciz qalır, beynəlxalq ictimaiyyətin gözləntilərini qarşılaya bilmir, buna görə də BMT-nin mövcud strukturunun dəyişilməsinə ehtiyac var”.

İstanbul Mədəniyyət Universiteti Beynəlxalq Əlaqələr kafedrasının müəllimi, professor Özden Zeynep Oktav paneldən sonra verdiyi açıqlamada Türkiyənin BMT-nin strukturunda islahat edilməsi lazım olduğunu dünyaya çatdırdığını bildirərək “Türkiyə sistemi yenidən nəzərdən keçirmək üçün bir fürsətdir” deyib.

Avropa Parlamentinin üzvü Rışard Çarnetski (Ryszard Czarnecki) BMT-nin dünyada baş verən problemlərin həllində təsirsiz olduğunu və təşkilatın islahatlara getməli olduğunu söyləyib.

Diplomatik Dünya İnstitutunun (Diplomatic World İnstitute) layihə rəhbəri Alberto Turkstra da belə deyib: "Biz hamımız bilirik ki, BMT-də köklü dəyişiklik vacibdir. Qlobal struktura nəzər salsaq, BMT tərəfindən beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsi üçün islahatlara ehtiyac var".

Bütün xəbərlər Facebook səhifəmizdə