Rusiya Estoniyanı “sərt hərəkətlərlə” hədələyir

Duqinanın qatilini “gizlətdiyi” üçün
Rusiya Estoniyanı “sərt hərəkətlərlə” hədələyir

Deməli, Estoniyanı “yerində oturtmaq üçün” rusların əlinə əntiqə bir şans düşüb. Belə ki, onlar Daria Duqinanın ölümünü “icra etdikdən sonra” Estoniyada gizləndiyi iddia edilən 43 yaşlı Ukrayna vətəndaşı Natalya Vovkun Tallindən qaytarılmasını tələb edirlər.

“...Əgər Estoniya Duqinanın qətlinin günahkarını Rusiya Federasiyasına təhvil verməsə, terrorçuya sığınacaq verən Tallinə qarşı sərt addımlar atmaq üçün əsaslar var”.

Qeyd edək ki, bunu rusiyalı senator Vladimir Cabarov bildirib.

Bu arada bədanam rusiyalı təbliğatçı Marqarita Simonyan da Kremlin Duqinanın qətlinin qisasını almaq niyyətinə eyham vurub. “Daşanın qatilləri artıq Estoniyadadır. Estoniya, əlbəttə ki, onları ekstradisiya etməyəcək. Düşünürəm ki, Tallin yaxınlığındakı qüllələrə heyran olmaq istəyən peşəkarlarımız var”.

Bunu Twitter-də yazan Marqaritanın nəyə eyham vurduğu aydın sezilir.

...Qeyd edək ki, Rusiya kəşfiyyat xidmətinin məlumatına görə, qətli törədən 43 yaşlı Ukrayna vətəndaşı Natalya Vovkdur. Rusların yazdığına görə, o iyun ayında 12 yaşlı qızı ilə Rusiyaya gəlib.

Bundan əlavə, ruslar Vovkun guya əvvəllər Ukraynanın “Azov” batalyonunda xidmət etdiyini də bildirirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə