Avstriyada fırtına iki uşağın ölümünə səbəb olub

Avstriyanın cənub regionlarında baş verən güclü fırtına Karintiya federal əyalətində iki uşağın ölümü ilə nəticələnib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Sankt Andre gölü kənarında güclü küləyin aşırdığı ağaclar iki uşağın ölümünə, bir neçə nəfərin yaralanmasına səbəb olub.

Təbii fəlakət nəticəsində bu federal əyalətdə 15 min mənzilin elektrik enerjisi ilə təminatı kəsilib. Eyni zamanda, Karintiya, Ştiriya və Şərqi Tirol federal əyalətlərində dəmiryolu nəqliyyatının fəaliyyətində fasilələr yaranıb. Avstriya Dəmir Yolları (ÖBB) konserninin məlumatına görə, dəmir yolunu elektrik enerjisi ilə təmin edən xətlərin sıradan çıxması genişmiqyaslı problemə yol açıb.

Avstriyanın İtaliya ilə həmsərhəd regionlarında küləyin sürəti saatda 103 kilometrə, Ştiriyada isə 139 kilometrə çatıb. ÖBB dəmiryolu nəqliyyatının bərpa edilməsi üçün fövqəladə plan üzərində işləyir, yanğınsöndürmə və fövqəladə hallar üzrə briqadalar təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına çalışırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...