Türkiyə Ukraynanın bərpasında iştirak edəcək

Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov və Türkiyənin ticarət naziri Mehmet Muş avqustun 18-də Lvovda infrastrukturun bərpasına dair anlaşma memorandumu imzalayıblar.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki,bu barədə Ukraynanın İnfrastruktur Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Türkiyəli tərəfdaşlara Rusiya tərəfindən dağıdılmış infrastrukturun bərpası ilə bağlı əməkdaşlıq etmək niyyətlərinə görə minnətdarıq. Buna Türkiyə biznesinin yolların və körpülərin tikintisində iştirakının böyük təcrübəsi kömək edir, xüsusən də bu, bizim meqalayihələrimizə - Zaporojye və Kremençuq körpülərinə aiddir. Biz türk biznesini etibarlı tərəfdaş kimi tanıyırıq, ona görə də tezliklə birgə bərpanın konkret praktiki nəticələrinə nail olacağımızı gözləyirik”, - deyə infrastruktur naziri Aleksandr Kubrakov bildirib.

Onun sözlərinə görə, yaxın vaxtlarda bərpa məsələləri üzrə birgə işçi qrupu yaradılacaq, türk sərmayəsinin cəlb edilməsi mexanizmləri işlənəcək, həmçinin əməkdaşlıq üçün konkret layihələr hazırlanacaq.

Nəzərdə tutulur ki, Türkiyənin biznes və dövlət strukturları konkret bərpa layihələri hazırlayacaq, həmçinin konsaltinq və texniki yardım göstərəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...