“Neyçin gəlməz” və “Xurşidbanu Natəvan” kitablarının təqdimatı olub - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında" sərəncamına uyğun olaraq 15 avqust 2022-ci il tarixində Milli Kitabxanada Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə Azərbaycan bədii fikrinin görkəmli nümayəndəsi Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyinə həsr olunmuş “Xurşidbanu Natəvan – 190” adlı sərginin açılış mərasimi, “Azərbaycan bədii fikrinin görkəmli siması Xan qızı Xurşidbanu Natəvan” adlı elektron məlumat bazasının və “Təhsil” nəşriyyatının yeni çap etdiyi Mustafa Çəmənlinin “Neyçin gəlməz” və Bəylər Məmmədovun “Xurşidbanu Natəvan” kitablarının təqdimatı olmuşdur. SİA xəbər verir ki, tədbiri Milli Kitabxananın direktoru prof.Kərim Tahirov açaraq tədbir iştirakçılarını salamlamış, XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, ictimai xadim Xurşidbanu Natəvanın zəngin bədii yaradıcılığından bəhs etmişdir. O bildirmişdir ki, Xurşidbanu Natəvan Azərbaycan mədəniyyətində və ictimai həyatında dərin izlər qoyub. Onun şeirləri hələ sağlığında dildən-dilə düşmüş, əlyazma şəklində yayılmışdır.

“Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızı erməni işğalından azad edən müzəffər Azərbaycan ordusunun şücaəti sayəsində biz artıq çoxdankı arzumuza şatmışıq” deyən prof.Kərim Tahirov yubiley tədbirlərinin il ərzində davam edəcəyini, Şuşada, Ağdamda və digər regionlarda Xurşidbanu Natəvana həsr olunan müxtəlif tədbirlərin keçiriləcəyini qeyd edib.

Sonra Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktou Akif Marifli çıxış edərək bildirmişdir ki, Xurşidbanu Natəvan istər ictimai fəaliyyəti, istərsə də ədəbi yaradıcılığı ilə Azərbaycan xanımı üçün bir nümunədir. X.Natəvanın yubileyinin qeyd olunması ilə əlaqədar Mədəniyyət Nazirliyinin Tədbirlər Planının olduqca zəngin olduğunu bildirən Akif Marifli cari ilin sentyabr ayında Xurşidbanu Natəvanın 190 illik yubileyininalimlərin, ziyalıların iştirakı ilə Şuşada və digər regionlarda da təntənəli şəkildə qeyd ediləcəyini bildirmişdir. Ohəmçinin “Məclisi-üns” ədəbi məclisinin yenidən bərpa olunacağı, Xurşidbanu Natəvanın keçdiyi həyat yolu, elmi fəaliyyəti və bədii yaradıcılığının tətqiqi istiqamətində xeyli işlər getdiyini və bu səpkidə yeni kitabların nəşr olunacağını bildirib.

Daha sonra AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru akademik Teymur Kərimli çıxış etmişdir. O bildirib ki, Füzuli ədəbi məktəbinin ən qüdrətli nümayəndələrindən biri olan Natəvan XIX əsr Azərbaycan dilinin inkişafında da böyük rol oynayıb.

Xurşidbanu Natəvanın 190 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması Azərbaycan xalqının ədəbiyyata, incəsənətə, öz sənətkarlarına və dahi şəxsiyyətlərinə verdiyi dəyərin göstəricisidir. Akademik Teymur Kərimli böyük şəxsiyyətlərə belə yüksək dəyər verdiyi üçün cənab prezidentə öz təşəkkürünü bildirib.

Ardınca Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor İslam Qəribli çıxış etmişdir. O bildirib ki, Xurşidbanu Natəvanın yaradıcılığı həmişə diqqət mərkəzində saxlanılmışdır. Hələ sağ ikən 20-ə yaxın qəzəlinə təzkirələr yazılması, Qasım bəy Zakir, Mirzə Fətəli Axundzadə, Mir Möhsün Nəvvab və digərlərlərinin öz əsərlərində ona nəzirələr yazması Natəvanın nə qədər böyük nüfuza malik olmasınınıngöstəricisidir. Çıxışının sonunda prof.İslam Qəribli özünün müəllifi olduğu Xurşidbanu Natəvan haqqında monoqrafiyanın bu yaxınlarda çap olunacağını bildirib.

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, professor RaqubKərimov çıxış edərək bildirmişdir ki, Xurşidbanu Natəvan Azərbaycan ədəbiyyatı tarixində diqqətəlayiq yer tutan parlaq istedada və qabaqcıl ideallara malik olan şəxsiyyət olmuşdur. Yaradıcılığa təxminən XIX əsrin 50-ci illərindən başlamış şairənin ilk vaxtlar "Xurşid" imzası ilə yazdığı şeirlərin əksəriyyəti itib-batmış, yalnız cüzi bir hissəsi bizə gəlib çatmışdır. 1870-ci ildən etibarən şairə özünə "Natəvan" təxəllüsü götürərək, dərin məzmunlu qəzəllərini yaratmışdır. Onun başçılıq etdiyi ədəbi məclis öz ətrafında dövrün qabaqcıl ziyalılarını toplamış və Qarabağ ədəbi mühitinin inkişafına güclü təsir göstərmişdir.

Daha sonra “Təhsil” nəşriyyatının direktoru Tural Axundov çıxış edib. O, Xurşidbanu Natəvan haqqında 2 kitab - Mustafa Çəmənlinin “Neyçin gəlməz” və Bəylər Məmmədovun “Xurşidbanu Natəvan” kitablarını çap edərək “Təhsil” nəşriyyatı olaraq Natəvanın 190 illik yubileyinə öz töhfələrini verdiklərini bildirib.

Daha sonra Milli Kitabxananın direktor müavini, tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova Xurşidbanu Natəvana həsr olunmuş “Azərbaycan bədii fikrinin görkəmli siması Xan qızı Xurşidbanu Natəvan” adlı elektron məlumat bazasını təqdim etmiş, məlumat bazasının bölmələri haqqında ətraflı məlumat vermişdir. Elektron məlumat bazası “Prezident İlham Əliyevin Xan qızının xatirəsinin əbədiləşdirilməsinə diqqəti”, “Həyat və yaradıcılığının əsas tarixləri”, “Görkəmli şəxsiyyətlər Xurşidbanu Natəvan haqqında”, “Əsərləri”, “Filmoqrafiya”, “Videoqalereya”, “Fotoqalereya” bölmələrindən ibarətdir.Ə.İsmayılova çıxışının sonunda Elektron məlumat bazasının əsas dəyərinin orada əhatə olunan materialların hamısının tammətnli resurslarının verilməsindən və onların Milli Kitabxananın saytı vasitəsilə bütün dünyaya yayımlanmasından ibarət olduğunu qeyd etmişdir.

Sonda tədbir iştirakçıları “Xurşidbanu Natəvan – 190” adlı sərgi ilə tanış oldular.

Bütün xəbərlər Facebook səhifəmizdə