Reyn çayı quruduqca hansı fəlakətə gətirib çıxarar?

Mütəxəssislər bildiriblər ki, Reyndə suyun səviyyəsi daha da azalarsa...

Almaniyanın ən mühüm ticarət yollarından biri olan Reyn (Ren) çayının su səviyyəsi quraq yay ayları səbəbindən xeyli aşağı düşüb.

Digər çaylarda olduğu kimi, Reyn çayında da suyun səviyyəsinin azalmasında ən mühüm faktor ardıcıl quraqlıq və yüksək temperaturdur. Mütəxəssislər bildiriblər ki, Reyndə suyun səviyyəsi daha da azalarsa, yüksək tonajlı gəmilər çaydan istifadə edə bilməyəcək ki, bu da iqtisadiyyata mənfi təsir edəcək.

SİA-nın əldə etdiyi məlumata görə, Almaniya Federal Hidrologiya İnstitutunun (BfG) eksperti Bastian Klein suyun səviyyəsinin azalmağa davam edəcəyini, gələn həftə bir az yağışların gözlənildiyini, lakin bunun suyun səviyyəsinin artmasına təsir göstərməyəcəyini söyləyib.

Almaniyanın Federal Su Yolları və Dəniz Administrasiyası (WSV) Reyn çayında suyun səviyyəsinin həftənin sonuna qədər daha 10-15 santimetr azalacağını bildirib. Qeyd edilib ki, quraqlıq və istilər Almaniya iqtisadiyyatının can damarlarından biri olan Reyn çayının su səviyyəsini azaltmaqla yanaşı, Elba çayı kimi digər mühüm su yollarında da oxşar problemləri yaradıb.

Xatırladaq ki, Reyn dünyanın ən işlək su yollarından biri kimi tanınır. Almaniya Federal Daxili Dəniz Nəqliyyatı Assosiasiyasının məlumatına görə, Almaniyada qeydiyyatdan keçmiş 2000-ə yaxın sərnişin və 10 minə yaxın yük gəmisi Avropa çaylarında hərəkət edir.

Bütün xəbərlər Facebook səhifəmizdə