“Meari” tropik qasırğası Tokiodan yan keçib...

Avqustun 13-dən 14-nə keçən gecə Tokionun cənubuna yaxınlaşan “Meari” tropik qasırğası Çiba prefekturasından keçərək şimal-şərq istiqamətində hərəkət edib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb. Bildirilir ki, saniyədə 30 metr sürətlə əsən külək və güclü yağışlar səbəbindən Toçiqi, Şizuoka, Çiba prefekturalarında və Tokioda təqribən 10 min evə elektrik enerjisinin verilişi kəsilib.

Yaponiyanın mərkəzi hissəsinə çatan qasırğa nəticəsində 200-dək aviareys təxirə salınıb, qatarların hərəkətində fasilələr yaranıb.

Təbii fəlakət səbəbindən zərərçəkənlər barədə hələlik məlumat verilmir. Yerli sakinlərə torpaq sürüşmələri, daşqınlar, şimşək çaxması və güclü külək barədə xəbərdarlıq edilib.

Meteoroloqların bildirdiyinə görə, Sakit okean istiqamətində saatda 45 kilometr sürətlə hərəkət edən tropik qasırğanın səhər saatlarında Kuril adalarına çatacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə