Belarus “real döyüş vəziyyətinə yaxın” təlimlər keçirəcək

Belarus “real döyüş vəziyyətinə yaxın” təlimlər keçirəcək

Belarus Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının Belarus ərazisində keçirilən əməliyyat-taktiki təlimlərinin birinci mərhələsi başa çatıb. Verilən xəbərə görə, növbəti təlimlər Rusiyanın Aşuluk poliqonunda keçiriləcək.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “İnterfaks” respublikanın Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Nazirlikdən Aşulukdakl hərbi əməliyyatların avqustun 22-dən 25-dək davam edəcəyi də bildirilib.

Atışma təlimlərinə aviasiya hərbi hissələrinin, hava hücumundan müdafiə və radiotexnika qoşunlarının şəxsi heyəti, silahları, hərbi texnikası, həmçinin “Belarus Respublikası Hərbi Akademiyası”nın döyüş heyətləri cəlb olunacaq.

Belarus Müdafiə Nazirliyinin məlumatına görə, təlimlərin məqsədi “müasir hərbi münaqişələr” təcrübəsini nəzərə almaqla birləşmələrin və hərbi hissələrin ahəngdarlığını artırmaqdır. Bundan əlavə, təlimlərin manevrləri “real döyüş vəziyyətinə daha yaxındır”...

Qeyd edək ki, bundan əvvəl Rusiya Federasiyasında keçiriləcək “Vostok-2022” təlimlərində Belarus hərbçilərinin də iştirak edəcəyi bildirilir. Onu da qeyd edək ki, avqustun 30-dan sentyabrın 5-dək təlimlər Buryatiya, Xabarovsk, Trans-Baykal, Primorye və Saxalin ərazilərində, eləcə də Kuril adalarında keçiriləcək.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə