“Bu, Sloveniyanın Türkiyəyə verdiyi əhəmiyyətin göstəricisidir”

Paytaxt Ankarada Sloveniya prezidenti B.Pahor, iqtisadiyyat, inkişaf və texnologiya naziri Matjaz Han və hər iki ölkənin iş adamlarının iştirakı ilə Türkiyə-Sloveniya Dəyirmi Masa Toplantısı keçirilib

Sloveniya prezidenti Borut Pahor bildirib ki, Sloveniyanın Strateji Tərəfdaşlıq Sənədini imzalaması onun ölkəsinin Türkiyəyə verdiyi önəmin göstəricisidir. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Paytaxt Ankarada Sloveniya prezidenti B.Pahor, iqtisadiyyat, inkişaf və texnologiya naziri Matjaz Han və hər iki ölkənin iş adamlarının iştirakı ilə Türkiyə-Sloveniya Dəyirmi Masa Toplantısı keçirilib.

Açılış nitqində Sloveniya prezidenti iki ölkə arasında ticarət əlaqələrini inkişaf etdirmək və əməkdaşlığı artırmaq məqsədi ilə iş dünyasının nümayəndələrinin də iştirak etdiyi nümayəndə heyəti ilə Türkiyəyə səfər etdiyini bildirərək deyib: “Türkiyə ilə Sloveniya arasında Strateji Tərəfdaşlıq Sənədi 11 il əvvəl imzalanıb. Sloveniya belə müqavilələr çox da imzalamayıb. Bu, Sloveniyanın Türkiyəyə verdiyi əhəmiyyətdən xəbər verir.

Strateji Tərəfdaşlıq Sənədində ticarət öhdəliyi olmasa da, ikitərəfli ticarət həcmi 1 milyard avronu keçib.

Sloveniyada xarici investorlar üçün böyük potensial var. Türkiyə şirkətləri Sloveniyada iki böyük infrastruktur layihəsi həyata keçirir. Bunlardan biri Koper tunelidir. Bu layihə xüsusilə, Şimali Adriatik dənizinin Avropa ilə birləşdirilməsi baxımından əhəmiyyətlidir".

Sloveniyanın iqtisadi inkişaf və texnologiyalar naziri Matjaz Han də öz növbəsindəki çıxışında deyib: "Mövcud iqtisadi göstəriciləri nəzər salsaq, əməkdaşlığımız güclüdür və daha da irəliləyir. Amma biz daha çox şey istəyirik. Hesab edirik ki, iki ölkə arasında münasibətlərdə hələ də araşdırılmamış imkanlar var. İndiki gözəl əməkdaşlığımızı daha da gücləndirmək mümkündür. Biz daha çox əməkdaşlıq təklif edirik".

Bütün xəbərlər Facebook səhifəmizdə